Bakı Slavyan Universitetinin (BSU) 80 illik yubileyi və universitetdə tədrisin başlanmasının 80 illiyi münasibətilə “Sülh və təhlükəsizlik: Cənubi Qafqazda yeni geosiyasi reallıqlar kontekstində” mövzusunda konfrans keçirilib.
Konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseyn “Cənubi Qafqazda davamlı sülhün iqtisadi dividendləri: nəqliyyat, enerji və ticarət inteqrasiyasının perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Ramil Hüseyn çıxışında Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların regional iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib. O qeyd edib ki, Avropa ilə Asiyanın, Xəzər hövzəsi ilə Qara dənizin kəsişməsində yerləşən Cənubi Qafqaz mühüm tranzit, enerji və ticarət potensialına malikdir. Uzun illər ərzində Ermənistanın işğalçılıq siyasəti bu potensialın tam reallaşmasına mane olsa da, hazırda regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar yaranıb.
“Regionumuz yalnız siyasi münasibətlərin deyil, həm də iqtisadi əlaqələrin, nəqliyyat marşrutlarının və enerji əməkdaşlığının yeni mərhələsinə qədəm qoyub. Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik Azərbaycan regionda davamlı sülhün təmin olunmasında mühüm rol oynayır. Zəngəzur dəhlizi başda olmaqla, ölkəmizin reallaşdırmağı hədəflədiyi yeni layihələr regional bağlantıların genişlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və sülhün möhkəmlənməsinə xidmət edəcək”, – deyə Ramil Hüseyn vurğulayıb.
İcraçı direktorun müavini Azərbaycanın regional iqtisadiyyatda aparıcı mövqeyini statistik göstəricilərlə də əsaslandırıb. O bildirib ki, 2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu və xarici ticarət dövriyyəsi ayrı-ayrılıqda Gürcüstan və Ermənistanın müvafiq göstəricilərinin cəmindən çox olub.
Ramil Hüseyn Azərbaycan ilə Gürcüstan arasında ticarət əlaqələrinin dinamikasına da toxunub. Qeyd edib ki, 2025-ci ildə Azərbaycanın ümumi ixracında Gürcüstanın payı 2,85%, idxalında isə 0,69% təşkil edib. Həmin il Azərbaycandan Gürcüstana 348 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac olunub. Bu göstəriciyə görə Gürcüstan Azərbaycanın qeyri-neft-qaz ixracı istiqamətləri arasında Rusiya və Türkiyədən sonra üçüncü yerdə qərarlaşıb.
Ermənistanla münasibətlərin normallaşmasının iqtisadi perspektivlərinə də diqqət çəkən Ramil Hüseyn bildirib ki, bu ölkənin Azərbaycanın ticarət tərəfdaşları sırasına daxil olması regional əməkdaşlıq baxımından yeni mərhələnin başlanğıcıdır. O, sülh müqaviləsinin imzalanmasının gələcəkdə iqtisadi əlaqələrin daha da genişlənməsinə şərait yarada biləcəyini qeyd edib.
Çıxışının sonunda Ramil Hüseyn vurğulayıb ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması region ölkələri üçün mühüm iqtisadi dividendlər vəd edir. Bu, qarşılıqlı ticarətin genişlənməsinə, nəqliyyat və enerji bağlantılarının inkişafına, investisiya axınlarının artmasına, eləcə də regional iqtisadi inteqrasiyanın dərinləşməsinə yeni imkanlar yaradacaq.