İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nın icrası üzrə 2027-ci il üçün indikativ planlaşdırmanın aparılması və nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi məqsədilə onlayn görüşlər keçirilib.
Görüşlərdə İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Arzu Süleymanov, şöbənin əməkdaşları və hər iki sənədin tədbirlər planında əsas icraçı kimi müəyyən edilmiş qurumların nümayəndələri iştirak ediblər.
Görüş zamanı Milli Strategiyanın 2024–2027-ci illər üzrə Tədbirlər Planı çərçivəsində 2026-cı ildə görülmüş işlərə, eləcə də Bakı şəhəri və Abşeron yarımadası üzrə 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərə dair hesabatlılıq məsələləri müzakirə olunub. Bildirilib ki, icraçı qurumların əlaqələndirilmiş fəaliyyəti Milli Strategiya üzrə su ehtiyatlarının artırılmasına, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına, sahə üzrə idarəetmənin müasirləşdirilməsinə və beynəlxalq konvensiyaların tələblərinə əməl olunması sahəsində əməkdaşlığın inkişafına xidmət edir. Dövlət Proqramı üzrə isə su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinin, fasiləsiz su təminatının yaxşılaşdırılmasının və intensiv yağışlar zamanı subasma risklərinin azaldılmasının əhəmiyyəti vurğulanıb.
Hər iki sənəd üzrə 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi müzakirə olunub. Tədbirlərin vaxtında və tam icrasının təmin edilməsi, hesabatların keyfiyyətinin yüksəldilməsi və əldə olunan nəticələrin ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməsi üçün aidiyyəti qurumlara metodiki dəstək göstərilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin Milli Strategiya və Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələrə dair müvafiq məlumatlar müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamının 4-cü hissəsinə və 2026-cı il 12 yanvar tarixli 883 nömrəli Sərəncamının 3-cü hissəsinə əsasən, müvafiq olaraq Milli Strategiyada və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM tərəfindən həyata keçirilir.