İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov qlobal iqtisadiyyatda baş verən geosiyasi və texnoloji dəyişikliklərin Azərbaycanın investisiya imkanlarına təsirini şərh edib.
İsa Qasımov bildirib ki, müasir dövrdə ölkələrin investisiya cəlbediciliyi yalnız bazarın həcmi, təbii resurslar və əmək qüvvəsinin dəyəri ilə müəyyən olunmur. Geoiqtisadi mövqe, təchizat zəncirlərinin dayanıqlılığı, enerji təhlükəsizliyi, texnoloji potensial və innovasiya ekosisteminin inkişaf səviyyəsi də investisiya qərarlarında mühüm rol oynayır. Bu baxımdan Azərbaycanın investisiya perspektivləri ölkənin qlobal iqtisadi münasibətlər sistemindəki mövqeyi və regional bağlantılar yaratmaq imkanları nəzərə alınmaqla qiymətləndirilməlidir.
Portal rəhbərinin sözlərinə görə, 2026-cı ildə qlobal investisiya gündəliyində süni intellekt, rəqəmsal texnologiyalar və yüksək texnologiyalı sahibkarlıq xüsusi yer tutur. Stanford Universitetinin professoru İlya Strebulaevin 26 oktyabr 2026-cı ildə dərc etdiyi “The 2026 Strebulaev-Jackson Venture Ranking: The Top 100 AI Venture Capitalists” adlı araşdırma da bu tendensiyanı təsdiqləyir. Araşdırma 31 avqust 2026-cı il tarixinə olan məlumatlar əsasında ABŞ-da yerləşən və vençur kapitalı ilə maliyyələşdirilən 728 süni intellekt şirkətini əhatə edir. Altı meyar üzrə qiymətləndirilən 100 aparıcı vençur investorunun topladığı ümumi reytinq xallarının 73 faizi 2023-cü ildən sonra həyata keçirilmiş investisiyaların payına düşür. İlk 10 investor ümumi xalların 50 faizini, ilk 20 investor isə 67 faizini formalaşdırır. “Anthropic”, “OpenAI” və “xAI” şirkətləri isə ilk 100 investorun 41-nin ən yüksək nəticə göstərən investisiyaları sırasında yer alır.
İsa Qasımov qeyd edib ki, bu nəticələr investisiya mühitində uğurun yalnız maliyyə resurslarının həcmi ilə deyil, düzgün texnoloji istiqamətlərin seçilməsi, investorların təcrübəsi, əlaqələri və investisiya qoyulan şirkətlərə verdikləri əlavə dəyərlə müəyyən olunduğunu göstərir. Azərbaycan üçün də əsas prioritetlərdən biri kapitalın cəlb edilməsi ilə yanaşı, onun texnologiya, bilik və yüksək əlavə dəyər yaradan iqtisadi fəaliyyət sahələrinə yönəldilməsidir.
Şərhdə Azərbaycanın əlverişli coğrafi mövqeyinin investisiya potensialının artırılmasında mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, ölkənin Avropa və Asiya arasında yerləşməsi, Xəzər dənizinə çıxışı, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə, Çin və Avropa bazarları ilə əlaqələri yeni investisiya imkanları yaradır. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit və logistika imkanlarını genişləndirməklə beynəlxalq təchizat zəncirlərində mövqeyini gücləndirir. Bununla yanaşı, mövcud üstünlüklərin yalnız tranzit daşımalarının artırılması ilə məhdudlaşmaması, istehsal və emal müəssisələrinin, regional distribusiya mərkəzlərinin və logistika xidmətlərinin inkişafı hesabına daha yüksək əlavə dəyərə çevrilməsi vacibdir.
İsa Qasımov enerji sektorunun da Azərbaycanın investisiya cəlbediciliyində mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji potensialı, yaşıl enerji dəhlizləri və enerji infrastrukturunun modernləşdirilməsi yeni investisiya istiqamətləri formalaşdırır. Dünya Bankının 2025-ci ildə təsdiqlədiyi AZURE layihəsi enerji ötürücü infrastrukturunun inkişafına və bərpaolunan enerji sahəsində özəl investisiyaların cəlb edilməsinə xidmət edir. Eyni zamanda, rəqəmsal bağlantılar, məlumat infrastrukturu və texnoloji xidmətlər də ölkənin gələcək investisiya imkanları baxımından perspektivli sahələr hesab olunur.
Portal rəhbəri vurğulayıb ki, Azərbaycanın investisiya siyasətində əsas hədəflərdən biri mövcud coğrafi və resurs üstünlüklərinin yüksək məhsuldarlıq və əlavə dəyər yaradan iqtisadi fəaliyyətə çevrilməsi olmalıdır. Bu baxımdan qeyri-neft sənayesi, aqrar texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları, logistika, alternativ enerji, sənaye innovasiyaları, rəqəmsal xidmətlər və kriptotexnologiyalar perspektivli investisiya istiqamətləri kimi qiymətləndirilə bilər.
“Bu sahələrə kapitalın cəlb edilməsi üçün maliyyə təşviqləri ilə yanaşı, proqnozlaşdırıla bilən biznes mühiti, şəffaf tənzimləmə mexanizmləri, mülkiyyət hüquqlarının qorunması, ixtisaslı insan kapitalı və maliyyə resurslarına çıxış imkanları mühüm əhəmiyyət daşıyır. Xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, texnologiya transferi, birgə istehsal layihələrinin həyata keçirilməsi və yerli müəssisələrin beynəlxalq dəyər zəncirlərinə inteqrasiyası investisiyaların iqtisadiyyatımıza maliyyə ilə yanaşı, texnoloji və institusional faydasını da artıra bilər”, – deyə İsa Qasımov bildirib.
Şərhin sonunda qeyd olunub ki, vençur kapitalı bazarının və innovasiya ekosisteminin inkişafı Azərbaycanın regional investisiya mərkəzinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Startapların maliyyələşdirilməsi, biznes inkubatorları və akseleratorların fəaliyyətinin genişləndirilməsi, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, biznes mələklərinin və beynəlxalq vençur fondlarının ölkəyə cəlb edilməsi texnoloji sahibkarlığın inkişafını sürətləndirə bilər.
İsa Qasımovun fikrincə, bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın yalnız investisiya qəbul edən ölkə deyil, həm də regional miqyasda kapitalın, texnologiyanın və innovativ təşəbbüslərin birləşdiyi iqtisadi platforma kimi mövqeyinin gücləndirilməsinə imkan yarada bilər.