16 noyabr 2026, 17:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2026-cı il tarixli “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərmanı sahilboyu ərazilərin idarə olunmasında yeni institusional yanaşma formalaşdırır. Fərmanın əsas mahiyyəti torpaqların idarə edilməsi, istifadəsi və mühafizəsi üzrə vahid dövlət siyasətinin tətbiqi, müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və idarəetmənin rəqəmsal əsaslara keçirilməsidir.

Fərmana əsasən, xüsusi statuslu ərazilər istisna olmaqla, Xəzərin sahilboyu torpaqlarının idarə olunması, istifadəsi və mühafizəsinin təşkili, eləcə də bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının koordinasiyası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunur. Eyni zamanda, sahilboyu ərazinin zonalaşdırılması və hüquqi rejiminin müəyyən edilməsi, torpaqların istifadəsinə nəzarətin gücləndirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, Coğrafi İnformasiya Sistemləri əsasında rəqəmsal xəritələrin yaradılması və torpaqların istifadəyə və icarəyə verilməsinin “bir pəncərə” prinsipi ilə həyata keçirilməsi nəzərdə tutulur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov qeyd edib ki, bu dəyişikliklərin iqtisadi əhəmiyyəti ilk növbədə sahilboyu torpaq resurslarının daha səmərəli iqtisadi dövriyyəyə cəlb olunması və investisiya layihələri üçün hüquqi müəyyənliyin artırılması ilə bağlıdır. Zonaların funksional təyinatının əvvəlcədən müəyyən edilməsi, torpaq sahələrinin hüquqi statusu barədə rəqəmsal məlumatların əlçatanlığı və prosedurların vahid mexanizmlə təşkili investor üçün torpaq seçimi, icazələr və layihənin yerləşdirilməsi ilə bağlı qeyri-müəyyənliyi azalda bilər.

“Bir pəncərə” modelinin tətbiqi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi prosesinin Elektron Hökumət İnformasiya Sistemi üzərindən vahid mexanizmlə həyata keçirilməsi inzibati prosedurların sadələşdirilməsinə, qərarvermə müddətinin azalmasına və torpaq münasibətlərində şəffaflığın yüksəlməsinə imkan yarada bilər. Bu isə sahilboyu ərazilərdə turizm, rekreasiya, xidmət, ictimai infrastruktur və digər iqtisadi fəaliyyətlərin daha sistemli planlaşdırılması üçün institusional baza formalaşdırır.

Ə.Dadaşovun fikrincə, Fərmanın mühüm xüsusiyyəti iqtisadi istifadə ilə ekoloji mühafizənin eyni idarəetmə çərçivəsində nəzərdə tutulmasıdır. Sahilboyu ərazinin zonalaşdırılması yalnız hansı sahədə hansı iqtisadi fəaliyyətin həyata keçiriləcəyini müəyyənləşdirmir, eyni zamanda ekoloji cəhətdən həssas ərazilərin qorunması, tikinti və digər fəaliyyətlərin sahilin daşıma qabiliyyətinə uyğunlaşdırılması və riskli zonalarda nəzarətin gücləndirilməsi üçün də əsas yaradır.

Bu yanaşma “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müəyyən edilmiş “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioriteti ilə də uzlaşır. Həmin prioritet iqtisadi artımla ekoloji mühit arasında tarazlığın qorunmasını, təbii resurslardan səmərəli istifadəni və ekoloji risklərin azaldılmasını nəzərdə tutur. Xəzər sahilində vahid zonalaşdırma, rəqəmsal monitorinq və torpaq istifadəsinin koordinasiyalı təşkili bu məqsədlərin praktik tətbiqinə xidmət edə bilər. Xüsusilə sahil ərazilərində çirklənmə və qanunsuz tullantı hallarının daha operativ aşkarlanması, ekoloji həssas zonaların qorunması və iqtisadi fəaliyyətin ərazinin təbii xüsusiyyətlərinə uyğun yönləndirilməsi baxımından yeni idarəetmə modeli əlavə imkanlar yaradır.

Sahilboyu ərazilərin vahid planlaşdırılması turizm baxımından da əlavə imkanlar yarada bilər. Xəzər sahili çimərlik, rekreasiya, sağlamlıq, yerləşdirmə və digər xidmətlər baxımından mühüm turizm resursudur. Torpaq münasibətlərinin, ekoloji tələblərin, nəqliyyat və xidmət infrastrukturunun vahid zonalaşdırma çərçivəsində əlaqələndirilməsi sahilyanı turizmin daha planlı və dayanıqlı inkişafına şərait yarada bilər. Burada əsas məsələ iqtisadi dövriyyəyə cəlb olunan ərazilərin ekoloji daşıma qabiliyyəti ilə uyğunlaşdırılmasıdır.

Beləliklə, Fərman sahilboyu ərazilərin yalnız inzibati idarə edilməsini dəyişmir. Yeni model torpaq resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsini, investisiya və turizm layihələri üçün daha aydın hüquqi mühitin yaradılmasını, rəqəmsal idarəetməni və ekoloji nəzarəti vahid sistem daxilində birləşdirir. Bu yanaşmanın nəticəliliyi zonalaşdırmanın keyfiyyəti, rəqəmsal məlumatların aktuallığı, qurumlararası koordinasiya və iqtisadi fəaliyyətlə sahil ekosistemlərinin qorunması arasında balansın necə təmin olunmasından asılı olacaq.

Qeyd edək ki, Fərmana əsasən, Nazirlər Kabineti altı ay müddətində sahilboyu ərazinin xüsusi statusu, zonalaşdırılması və hüquqi rejimi ilə bağlı təklifləri hazırlamalı, həmçinin ərazinin sərhədlərini və rəqəmsal qrafik təsvirini təsdiq etməlidir. İqtisadiyyat Nazirliyi isə CİS əsaslı idarəetmə informasiya sisteminin yaradılmasına və “bir pəncərə” mexanizminin tətbiqinə dair müvafiq tədbirlər həyata keçirəcək.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az