Azərbaycan Respublikasının Milli Məclisində 2027-ci ilin dövlət və icmal büdcələrinin müzakirəsi davam edir. Parlamentin plenar iclaslarında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcələri, eləcə də yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələri birinci oxunuşda müzakirə olunur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Orxan Sadıqov bildirib ki, 2027-ci ilin büdcəsi makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlığın gücləndirilməsi prinsipləri əsasında tərtib olunub. Onun sözlərinə görə, büdcə layihəsi mühafizəkar makroiqtisadi proqnozlara söykənir: 2027-ci ildə ümumi daxili məhsulun (ÜDM) real ifadədə 2,7 faiz artaraq 141 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 4,4 faiz artımla 109,1 milyard manata çatacağı gözlənilir. Proqnozlarda “Azəri Light” markalı neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 5,3 faiz, manatın məzənnəsi isə 1 ABŞ dolları üçün 1,7 manat səviyyəsində götürülüb.
O.Sadıqov qeyd edib ki, qanun layihəsinə əsasən 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur. Dövlət büdcəsinin kəsiri 3 milyard 146 milyon manat və ya ÜDM-in 2,2 faizi həcmində proqnozlaşdırılır. İcmal büdcənin gəlirləri 47,6 milyard manat, xərcləri 50,4 milyard manat, kəsiri isə 2,8 milyard manat (ÜDM-in təxminən 2 faizi) səviyyəsində müəyyən edilib.
Şöbə müdiri büdcə gəlirlərinin strukturunda müşahidə olunan keyfiyyət dəyişikliklərinə diqqət çəkib. Belə ki, 2027-ci ildə dövlət büdcəsi gəlirlərinin 60,6 faizi, yəni 23,8 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşəcək, neft-qaz sektoru üzrə daxilolmalar isə 15,5 milyard manat proqnozlaşdırılır. Bu, büdcənin neft gəlirlərindən asılılığının mərhələli şəkildə azaldılması siyasətinin ardıcıl davam etdirildiyini göstərir.
O.Sadıqovun sözlərinə görə, fiskal qaydalar çərçivəsində müəyyən olunmuş hədəflərə uyğun olaraq icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2027-ci ildə 17,1 faiz təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 1,7 faiz bəndi azdır. Orta müddətli dövrdə bu göstəricinin 2029-cu ildə 13 faizə, 2030-cu ildə isə 12 faizə endirilməsi hədəflənir. Bundan əlavə, dövlət büdcəsinin cari xərclərinin 90,1 faizi qeyri-neft gəlirləri hesabına maliyyələşdiriləcək, orta müddətdə isə bu göstəricinin 100 faizə çatdırılması nəzərdə tutulur.
Şöbə müdiri büdcə xərclərinin istiqamətlərindən danışarkən bildirib ki, 2027-ci ildə xərclərin 26,4 milyard manatı (62,3 faiz) cari, 13,8 milyard manatı (32,5 faiz) əsaslı, 2,2 milyard manatı (5,2 faiz) isə dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri olacaq. Xərclərin üçdə birinin əsaslı xərclərə ayrılması büdcənin investisiyayönümlü xarakterini qoruyub saxladığını göstərir. Eyni zamanda sosialyönümlü xərclər 18,7 milyard manat və ya büdcə xərclərinin 44 faizi həcmində nəzərdə tutulub.
Sonda O.Sadıqov qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinin maliyyə təminatını əks etdirir. Onun fikrincə, qeyri-neft gəlirlərinin payının artması, fiskal kəsirin tədricən azaldılması, sosial xərclərin genişləndirilməsi və yüksək investisiya səviyyəsinin qorunması növbəti ildə həm makroiqtisadi sabitliyin, həm də iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı inkişafın təmin olunmasına əlverişli zəmin yaradacaq.