İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Türkiyənin rəqəmsal ticarət infrastrukturu təminatçılarından biri olan “T-soft” şirkətinin nümayəndəsi Ahmet Canlı ilə görüşüb.
Görüşdə Azərbaycan məhsullarının ixrac potensialının rəqəmsal platformalar vasitəsilə genişləndirilməsi, yerli sahibkarların qlobal bazarlara çıxışının asanlaşdırılması və elektron ticarət sahəsində qabaqcıl texnoloji həllərin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.
Ayxan Qədəşov “Azexport” portalının fəaliyyəti və qeyri-neft sektorunun inkişafı, həmçinin yerli məhsulların xarici bazarlarda tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib.
“T-soft” şirkətinin nümayəndəsi Ahmet Canlı isə təmsil etdiyi şirkətin təklif etdiyi innovativ həllər, qlobal miqyasda həyata keçirdikləri layihələr və elektron ticarət ekosistemindəki uğurlu təcrübəsi barədə məlumat verib.
Sonda əməkdaşlıq perspektivləri, müştərək layihələrin icrası və rəqəmsal ticarət sahəsində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi barədə ilkin razılıq əldə olunub.