Azərbaycanda qalıq yanacaq və sənaye prosesləri ilə bağlı karbon dioksid (CO₂) emissiyaları 2025-ci ildə 2,2 faiz azalaraq 38,39 milyon tona enib. Bu, son beş ilin ən aşağı göstəricisidir. Eyni dövrdə ölkənin real ümumi daxili məhsulu 1,4 faiz, qeyri-neft-qaz sektorunda yaradılan əlavə dəyər isə 2,7 faiz artıb. Azərbaycanın emissiya göstəriciləri Qlobal Karbon Layihəsinin (Global Carbon Project) Antalyada COP31 çərçivəsində təqdim etdiyi “Qlobal Karbon Büdcəsi 2026” hesabatının ölkələr üzrə məlumat bazasına əsaslanır.
Azərbaycanda bu kateqoriya üzrə emissiyalar 2023-cü ildə 42,28 milyon ton, 2024-cü ildə 39,24 milyon ton, 2025-ci ildə isə 38,39 milyon ton olub. Beləliklə, iki il ərzində emissiyalar 3,89 milyon ton, yaxud 9,2 faiz azalıb. 2025-ci ildə adambaşına düşən emissiya 3,69 ton təşkil edib. Bu, həmin il üzrə 4,74 tonluq dünya göstəricisindən təxminən 22 faiz aşağıdır. Həmin dövrdə qlobal emissiyalar 1,2 faiz artıb.
Energetika Nazirliyinin operativ məlumatına görə, 2025-ci ildə Azərbaycanın külək və günəş elektrik stansiyalarında istehsal 26,7 faiz artaraq 769,5 milyon kilovat-saata çatıb. Artım 2026-cı ildə də davam edib. Yanvar–sentyabr aylarında təkcə külək elektrik stansiyalarında 768,7 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu, ötən ilin eyni dövründəkindən təxminən 11 dəfə çoxdur. 2026-cı ilin yanvarında 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası istismara verilib.
Azərbaycanın təmiz enerji sahəsində regional əməkdaşlığı da genişlənir. Noyabrın 10-da COP31 çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalayıb. Saziş dörd ölkəni birləşdirən yaşıl enerji dəhlizinin inkişafını, elektrik şəbəkələri arasında bağlantıların gücləndirilməsini və Azərbaycanda istehsal olunan bərpaolunan elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ötürülməsi üzrə əməkdaşlığı nəzərdə tutur.
Qlobal Karbon Layihəsinin ilkin proqnozuna görə, 2026-cı ildə dünyada qalıq yanacaq və sənaye prosesləri ilə bağlı CO₂ emissiyaları 0,4 faiz azalaraq 38,2 milyard ton təşkil edə bilər. Torpaq istifadəsindəki dəyişikliklər də nəzərə alındıqda isə qlobal antropogen CO₂ emissiyalarının 42,8 milyard tondan 43,3 milyard tona yüksələcəyi gözlənilir. Azərbaycan üzrə son illik göstəricilər 2025-ci ilə aiddir və enerji ilə sənaye proseslərindən yaranan CO₂-ni əhatə edir.
Azərbaycanın BMT-yə təqdim etdiyi yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə (NDC 3.0) sənədində isə daha geniş iqlim hədəfi müəyyənləşdirilib. Sənəd beynəlxalq maliyyə və texnoloji dəstək də daxil olmaqla müvafiq şərtlər təmin ediləcəyi təqdirdə, 2035-ci ilədək istixana qazı emissiyalarının 1990-cı il səviyyəsindən 40 faiz aşağı salınmasını nəzərdə tutur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli bildirib ki, 2025-ci ildə Azərbaycanda real ÜDM-in artması ilə yanaşı, CO₂ emissiyalarının azalması göstərir ki, iqtisadi məhsulun hər vahidinə düşən emissiya aşağı düşüb. Növbəti illərdə bu dinamikanın davamlılığını qiymətləndirmək üçün yeni külək və günəş stansiyalarının faktiki istehsalını, elektrik enerjisi istehsalında qaz sərfini və hər kilovat-saat elektrik enerjisinə düşən CO₂ emissiyasını birlikdə izləmək vacibdir. Bu göstəricilər yeni enerji layihələrinin nəticəsini ölçməyə imkan verir.
Mənbə:
- Qlobal Karbon Layihəsi - “Qlobal Karbon Büdcəsi 2026” hesabatı və təqdimatı https://globalcarbonbudget.org/gcb-2026/
- Zenodo - ölkələr üzrə CO₂ emissiyaları və adambaşına düşən göstəricilər: https://zenodo.org/records/23667912