İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları Avstriyanın paytaxtı Vyana şəhərində vergi inzibatçılığının gücləndirilməsi və iqlim amillərinin makroiqtisadi çərçivələrə inteqrasiyası mövzularında təşkil olunan beynəlxalq təlim proqramlarında iştirak ediblər.
İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov Birgə Vyana İnstitutunda (Joint Vienna Institute – JVI) keçirilən “VITARA: Vergi inzibatçılığının gücləndirilməsi” (Strengthening Tax Administration) mövzusunda təlim proqramında iştirak edib. Bu proqram Beynəlxalq Valyuta Fondunun (BVF) Fiskal Məsələlər Departamenti və Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) birgə təşkilatçılığı ilə baş tutub. Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin qatıldığı təlimdə vergi inzibatçılığı sahəsində institusional potensialın gücləndirilməsi, strateji planlaşdırma və idarəetmə, institusional islahatlar, fəaliyyət nəticələrinin qiymətləndirilməsi, rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqi məsələləri müzakirə olunub.
Mərkəzin aparıcı məsləhətçisi Sevinc Cabbarova isə BVF-nin “Makroiqtisadi çərçivələrdə iqlim amilləri” (Climate in Macroeconomic Frameworks) mövzusunda təlim proqramında iştirak edib. Proqram iqlim dəyişmələrinin və təbii fəlakətlərin iqtisadi təsirlərinin qiymətləndirilməsi, iqlim risklərinin makroiqtisadi proqnozlara inteqrasiyası və uyğunlaşma siyasətlərinin təhlilinə həsr olunub.
Hər iki beynəlxalq proqram çərçivəsində praktiki tapşırıqlar, qrup müzakirələri və müxtəlif ölkələrin təcrübələrinin təqdimatı təşkil olunub, iştirakçılar arasında bilik və təcrübə mübadiləsi aparılıb.