İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 8 Noyabr – Zəfər Günü münasibətilə “Invest in Garabagh and Eastern Zangezur” (Qarabağ və Şərqi Zəngəzura investisiya) icmalının 3-cü xüsusi buraxılışını dərc edib.
İngilis dilində hazırlanan icmalda yerli və xarici investorlara Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı, biznes mühiti və prioritet investisiya istiqamətləri barədə ətraflı məlumat verilir. Nəşrdə kənd təsərrüfatı, sənaye, enerji, təbii ehtiyatlardan istifadə və turizm sahələrində mövcud biznes imkanları da əksini tapır.
İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Yusif Məmmədov bildirib ki, nəşrdə regionda aparılan bərpa və quruculuq işləri, biznesə dəstək mexanizmləri, infrastruktur layihələri və iqtisadi inkişaf perspektivləri sistemli şəkildə təqdim olunur. Üçüncü buraxılışda regionun iqtisadi inkişafında özəl sektorun roluna, istehsal və xidmət sahələrində investisiya imkanlarına, eləcə də yerli resursların səmərəli istifadəsi yolu ilə yeni iqtisadi dəyərin yaradılmasına xüsusi diqqət yetirilir.
Yusif Məmmədovun sözlərinə görə, beş bölmədən ibarət nəşrin ilk bölməsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ümumi iqtisadi xarakteristikası, təbii resursları, idarəetmə modeli, dövlət investisiyaları və kredit qoyuluşları barədə məlumatlar əksini tapır. İkinci bölmədə sahibkarlığın təşviqinə yönəlmiş vergi və gömrük güzəştləri, sosial sığorta haqlarının subsidiyalaşdırılması, kommunal xidmətlər üzrə maliyyə yardımı, dövlət zəmanətli kreditlər və faiz subsidiyaları, əmək miqrasiyası sahəsində güzəştlər, eləcə də sərbəst ticarət imkanları və biznesə başlamaq üçün müraciət kanalları barədə məlumat verilir. Üçüncü bölmədə regionda iqtisadi fəaliyyətin və məskunlaşmanın genişlənməsinə xidmət edən avtomobil və dəmir yolları, hava limanları, sosial obyektlər, elektrik enerjisi və su təchizatı sistemləri, eləcə də rabitə və rəqəmsal bağlantı üzrə infrastruktur layihələri işıqlandırılır.
Dördüncü bölmə sənaye parkları, aqroparklar, kənd təsərrüfatı və emal sənayesi, yaşıl enerji, təbii ehtiyatlardan istifadə və turizm sahələrində investisiya imkanlarına, həmçinin dövlət-özəl tərəfdaşlığı, ixracyönümlü istehsal və logistikanın inkişafına həsr olunub. Nəşrin sonuncu bölməsində Qarabağ və Şərqi Zəngəzurun şəhər və rayonlarının potensialına və ərazi ixtisaslaşmasına uyğun uzunmüddətli iqtisadi inkişaf istiqamətləri nəzərdən keçirilir.
Yusif Məmmədov əlavə edib ki, “Invest in Garabagh and Eastern Zangezur” icmalının hər üç buraxılışı regionda fəaliyyət göstərmək və investisiya imkanlarını araşdırmaq istəyən sahibkarlar və investorlar üçün praktik məlumat bazası rolunu oynayır. İcmal dövlət dəstəyi, infrastruktur təminatı və sahəvi imkanları bir araya gətirməklə əsaslandırılmış investisiya qərarlarının qəbuluna və regionun iqtisadi potensialının beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.
“Invest in Garabagh and Eastern Zangezur” xüsusi buraxılışının 3-cü nəşri ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olun:
https://ereforms.gov.az/files/review/pdf/az/2407487db26354dda4b4835beae54dbe.pdf