04 noyabr 2026, 10:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirlərin monitorinq və qiymətləndirilməsi məsələlərinə həsr olunmuş görüş keçirilib.

Görüş zamanı Dövlət Proqramının Tədbirlər Planı üzrə monitorinq və qiymətləndirmə çərçivəsinin formalaşdırılması, nəticə indikatorlarının və onların ölçü vahidlərinin müəyyənləşdirilməsi, baza və illər üzrə hədəf göstəricilərinin hazırlanması, eləcə də icraçı qurumlar arasında səmərəli koordinasiyanın təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədov Dövlət Proqramının icrası üzrə monitorinq və qiymətləndirmənin vahid yanaşma əsasında aparılmasının vacibliyini vurğulayıb. O, nəzərdə tutulmuş tədbirlərin mərhələli icrası, nəticə indikatorları üzrə hədəf göstəricilərin müəyyənləşdirilməsi, eləcə də nəticəyönümlü hesabatlılığın təmin olunmasına dair yanaşmaları diqqətə çatdırıb.

İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Günay Rəhimli Dövlət Proqramının Tədbirlər Planının strukturu və prioritet istiqamətləri barədə təqdimatla çıxış edib. İİTKM-in Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı indikator cədvəlinin formalaşdırılması, nəticələrə əsaslanan monitorinq modelinin tətbiqi, həmçinin Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin əsas icraçı qurumlar üzrə bölgüsü barədə məlumat verib.

Görüşdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əsas icraçı orqanlarının nümayəndələri iştirak edib, monitorinq və qiymətləndirmə prosesinin təşkili, indikatorların müəyyənləşdirilməsi və tədbirlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az