Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 oktyabr tarixli 1279 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Tikinti Layihələri üzrə Koordinasiya Komissiyasının fəaliyyətinin təşkili, eləcə də layihələrin monitorinqi və qiymətləndirilməsi mexanizmləri müəyyən edilib.
Sərəncamın icrası çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) tikinti layihələrinin monitorinqi və qiymətləndirilməsinin təmin edilməsi ilə bağlı müvafiq vəzifələr həvalə olunub.
Belə ki, İİTKM operatoru olduğu “e-monitorinq” portalında “Layihə idarəetməsi” modulunun təkmilləşdirilməsini təmin edəcək. Bununla yanaşı, Mərkəz monitorinq və qiymətləndirmənin nəticələrinə dair məlumatları hər ay növbəti ayın 15-dək, illik hesabatı isə növbəti ilin yanvarın 25-dək Tikinti Layihələri üzrə Koordinasiya Komissiyasına təqdim edəcək.
Sərəncamda, həmçinin dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti layihələrinin sifarişçi qurumlarının məlumatların elektron sistemə vaxtında daxil edilməsini təmin etməsi nəzərdə tutulub. Belə ki, layihələrin icrasına dair aylıq məlumatlar hər növbəti ayın 5-dək, illik məlumatlar isə növbəti ilin yanvarın 10-dək “Layihə idarəetməsi” moduluna yerləşdiriləcək.