27 oktyabr 2026, 15:26

Mədəniyyətlərarası dialoq müasir dünyada beynəlxalq etimadın möhkəmləndirilməsi, sosial sabitliyin qorunması və dayanıqlı inkişafın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Geosiyasi gərginliklərin artdığı və mədəni fərqliliklərin bəzən qarşıdurma mənbəyinə çevrildiyi şəraitdə bu dialoqun institusional əsaslarının gücləndirilməsi xüsusi aktuallıq kəsb edir. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu baxımdan beynəlxalq əməkdaşlığın inkişafı üçün əhəmiyyətli platformadır. Forumun “Ortaq gələcək naminə dialoq” mövzusu sülhün, qarşılıqlı anlaşmanın və müxtəlif cəmiyyətlər arasında əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini ön plana çıxarır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Simrah İsmayılovanın fikrincə, Azərbaycanın bu sahədəki təşəbbüsləri ölkənin uzunmüddətli mədəniyyət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin Forumun açılışında vurğuladığı kimi, tədbir ötən illər ərzində səmərəli və inklüziv beynəlxalq platformaya çevrilərək, mədəniyyətlərarası münasibətlərlə yanaşı, qlobal gündəlikdəki aktual məsələlərin müzakirəsinə də töhfə verir. Bu təcrübə mədəniyyətlərarası dialoqun ayrı-ayrı tədbirlər çərçivəsindən kənara çıxaraq davamlı beynəlxalq əməkdaşlıq mexanizmi kimi inkişaf etdiyini göstərir.

Mədəniyyətin strateji inkişaf amili kimi nəzərdən keçirilməsi onun sosial-iqtisadi tərəqqi və ölkənin beynəlxalq nüfuzu ilə əlaqəsini də aktuallaşdırır. “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası və turizmin inkişafına dair Dövlət Proqramı mədəni irsin qorunmasını, bərpasını və ictimaiyyətə təqdim olunmasını prioritet istiqamətlər kimi müəyyənləşdirir. Bu yanaşma, xüsusilə, işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsin bərpası, mədəni həyatın canlandırılması və turizm infrastrukturunun yaradılması baxımından əhəmiyyətlidir.

Simrah İsmayılova qeyd edir ki, mədəni irsin mühafizəsi tarixi yaddaşın qorunması ilə yanaşı, azad edilmiş ərazilərin sosial-iqtisadi dirçəlişinə, ölkənin vahid mədəni məkanına inteqrasiyasına və yerli əhalinin ictimai fəallığının artırılmasına da xidmət edir. Bu baxımdan, tarixi abidələrin bərpası ilə yanaşı, həmin ərazilərdə mədəni fəaliyyətlərin davamlılığının təmin edilməsi və mədəni məkanların cəmiyyətin gündəlik həyatına qaytarılması da vacibdir. Bərpa olunan abidələr və yenidən canlanan mədəniyyət ocaqları tarixi irsin gələcək nəsillərə ötürülməsinə imkan yaratmaqla keçmişlə gələcək arasında əlaqəni möhkəmləndirir. Beləliklə, mədəni irsin qorunması həm milli yaddaşın yaşadılması, həm də sosial inteqrasiyanın və uzunmüddətli sabitliyin dəstəklənməsi baxımından əhəmiyyət daşıyır.

Bu siyasətin nəticələri mədəni və humanitar sahələrlə məhdudlaşmır, iqtisadi inkişaf üçün də imkanlar yaradır. Mədəni irsin beynəlxalq səviyyədə tanıdılması ölkənin mədəni nüfuzunun güclənməsinə, mədəni turizmin inkişafı isə regionlarda məşğulluğun artmasına, kiçik və orta sahibkarlıq üçün yeni imkanların yaranmasına və yerli iqtisadi fəallığın genişlənməsinə şərait yaradır. Tarixi abidələrin sistemli şəkildə bərpası və qorunması onların gələcək nəsillərə ötürülməsi ilə yanaşı, turizm və digər əlaqəli sahələrdə iqtisadi dəyərinin reallaşdırılmasına da zəmin yaradır.

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi mədəniyyət, turizm və şəhərsalma sahələrinin əlaqəli inkişafına verilən əhəmiyyəti bir daha ön plana çıxarır. Bu istiqamətlərdə həyata keçirilən tədbirlər tarixi irsin qorunması, yaşayış mühitinin keyfiyyətinin yüksəldilməsi və ölkənin mədəni potensialının inkişaf etdirilməsinə yönəlmiş kompleks yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bu kontekstdə Forumun Bakıda keçirilməsi Azərbaycanın mədəniyyətlərarası əməkdaşlıq təşəbbüslərinin beynəlxalq müstəvidə müzakirəsinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır.

Simrah İsmayılovanın fikrincə, Azərbaycanın multikulturalizm ənənələrinə və mədəniyyətlərarası dialoqa verdiyi önəm beynəlxalq əməkdaşlıq siyasətinin mühüm istiqamətlərindəndir. Regional və qlobal gərginliklər şəraitində fərqli mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın təşviqi, ortaq dəyərlərin müəyyənləşdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla belə, dialoq təşəbbüslərinin uzunmüddətli nəticələri onların ardıcıl siyasət, institusional əməkdaşlıq və konkret fəaliyyət mexanizmləri ilə dəstəklənməsindən asılıdır. Bu baxımdan, beynəlxalq forumların əhəmiyyəti yalnız müzakirələrin təşkili ilə deyil, əldə olunan razılaşmaların və irəli sürülən təşəbbüslərin praktiki nəticələrə çevrilməsi ilə də müəyyən olunur.

Azərbaycanın bu sahədəki əsas təşəbbüslərindən biri Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı Prosesi”dir. Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə yönəlmiş bu platforma hökumətləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti institutlarını və müxtəlif mədəniyyətlərin nümayəndələrini bir araya gətirir. Son 15 il ərzində “Bakı Prosesi” çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları qlobal problemlərin müzakirəsi və qarşılıqlı anlaşmanın təşviqi üçün beynəlxalq platforma rolunu oynayıb. VII Forumda 100 ölkədən 500 xarici qonağın iştirakı və qeydiyyatdan keçənlərin sayının 2000-i ötməsi təşəbbüsün beynəlxalq əhatə dairəsini nümayiş etdirir. Forumun uzunmüddətli əhəmiyyəti isə bu geniş təmsilçiliyin konkret əməkdaşlıq təşəbbüslərinə, ortaq fəaliyyət istiqamətlərinə və davamlı nəticələrə çevrilməsi ilə bağlıdır.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az