19 oktyabr 2021, 14:56

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan Azexport.az portalı “Made in Azerbaijan” məhsullarına növbəti sərbəst satış sertifikatlarını təqdim edib. Sertifikatlar Azərbaycanda istehsal olunan 25 növdə meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün nəzərdə tutulub. Təqdim olunan sertifikatlar İndoneziya, İordaniya və İraqa bu kateqoriyadan olan məhsulların ixracında yaranan çətinliyi aradan qaldırıb.

Sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Qeyd edək ki, Azərbaycan, MDB məkanında sərbəst satış sertifikatı təqdim edən 3-cü ölkədir. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq  Amerika Qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinin bazarlarını açıq edib.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar onlayn olaraq www.dth.az  platforması vasitəsilə müraciət edə bilərlər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az