Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 oktyabr tarixində imzaladığı, Texnologiyalar parkı haqqında Əsasnaməyə, Vergi və Miqrasiya məcəllələrinə, eləcə də “Dövlət satınalmaları haqqında”, “Sosial sığorta haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” qanunlara edilən dəyişiklikləri əhatə edən sənədlər paketi qüvvəyə minib.
Mövzunu AZƏRTAC-a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, qlobal elektron ticarət bazarlarında rəqabətin kəskinləşdiyi, beynəlxalq rəqəmsal platformalara inteqrasiyanın sürətləndiyi bir dövrdə yerli texnoloji sahibkarların və ixracatçıların hüquqi, vergi və miqrasiya baxımından dövlət tərəfindən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu dəyişikliklər təkcə daxili biznes mühitinin yaxşılaşdırılması deyil, həm də ölkəmizin qlobal dəyər zəncirinə sürətlə inteqrasiya edən müasir iqtisadiyyat modelinə keçidinin təmin edilməsi istiqamətində atılmış strateji addımıdır. A.Qədəşov diqqəti Azərbaycanın rəqəmsal transformasiya mərhələlərinə yönəldərək bildirib ki, ölkəmiz artıq fundamental infrastruktur quruculuğu dövrünü uğurla başa vuraraq yeni bir mərhələyə qədəm qoyur.
“Azərbaycan Dünya Bankının “Business Ready” hesabatlarında rəqəmsal infrastrukturun qurulması, biznesin rəqəmsallaşdırılması və e-hökumət xidmətlərinin əlçatanlığı üzrə yüksək nəticələr göstərir. Artıq biz rəqəmsal mühitin ilkin infrastruktur və qanunvericilik bazasının yaradılması mərhələsini uğurla bitirib, bu infrastrukturdan həm yerli, həm də qlobal miqyasda daha səmərəli və məhsuldar istifadəyə keçid alırıq. Dövlət tərəfindən qəbul edilən yeni qanunvericilik dəyişiklikləri məhz ölkəmizdə formalaşmış bu möhkəm rəqəmsal infrastruktur istifadəçiləri üçün qlobal səviyyədə fəaliyyət imkanlarının genişləndirilməsinə xidmət edir.
Yeni qanunvericilik dəyişikliklərində ixrac baxımından ən mühüm istiqamətlərdən biri startapların və texnopark rezidentlərinin maliyyə dayanıqlılığının təmin edilməsidir. Belə ki, bu subyektlər üçün gəlir və mənfəət vergisi üzrə güzəşt müddətinin 3 ildən 7 ilə qədər uzadılması qlobal praktikada “ölüm dərəsi” adlandırılan ən riskli dövrün rahatlıqla aşılmasına şərait yaradacaq. Bu 7 illik dövr ərzində qənaət edilən vəsaitlər tədqiqat və inkişaf işlərinə, qlobal marketinq kampaniyalarına və beynəlxalq bazarlara çıxış üçün zəruri olan sertifikatlaşdırma proseslərinə yönəldilə bilər. Nəticə etibarilə, bu yanaşma “Made in Azerbaijan” brendi altında rəqəmsal məhsul və xidmətlərin dünya bazarlarında rəqabət qabiliyyətini artıracaq”, - deyə A.Qədəşov qeyd edib.
A.Qədəşov vurğulayıb ki, qlobal dəyər zəncirlərinə qoşulmaq, Azərbaycanı beynəlxalq Rəqəmsal Ticarət Qovşağına və qlobal səviyyədə rəqəmsal xidmət təminatçısına çevirmək yalnız dayanıqlı ekosistemin tam formalaşdırılması ilə mümkündür. O əlavə edib ki, uğurlu rəqəmsal ekosistem fiziki və rəqəmsal infrastrukturun, enerji təminatının və insan kapitalının birgə fəaliyyətinə əsaslanır: “Ölkəmizdə rəqəmsal əməliyyatların həyata keçirilməsi üçün zəruri olan fasiləsiz enerji resursları, genişzolaqlı internet şəbəkəsi və baza infrastrukturu artıq mövcuddur. İndi əsas hədəf bu ekosistemi hərəkətə gətirəcək qlobal insan kapitalını cəlb etməkdir. Bu mənada, Miqrasiya Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna edilən dəyişikliklər ölkəmizə marağı olan əcnəbi mütəxəssislərin, xüsusən də süni intellekt, blokçeyn və rəqəmsal ticarət üzrə mühəndislərin cəlbini asanlaşdırmaqla “beyin qazanma” strategiyasını dəstəkləyir. Sosial sığorta yükünün optimallaşdırılması isə həm yerli, həm də əcnəbi mütəxəssislər üçün şəraitin daha da təkmilləşdirilməsi və ölkəmizin perspektivdə qlobal intellektual xidmət təminatçısına çevrilməsi hədəflərinə xidmət edir”.
Portal rəhbəri hesab edir ki, kənd təsərrüfatı kimi ənənəvi sahələrin ixrac potensialı da məhz rəqəmsal transformasiya və yeni texnoloji imtiyazlar hesabına daha da genişlənəcək. Məsələn, ixrac edilən məhsulun mənşəyini və keyfiyyətini təsdiq edən ağıllı izlənəbilən sistemləri bu ekosistemdə yaradılan texnoloji həllər sayəsində daha əlçatan olacaq və kənd təsərrüfatı ixracatçılarımızın beynəlxalq bazarlarda inam qazanmasına dəstək verəcək.
A. Qədəşov müasir biznesin, xüsusilə e-ticarət və rəqəmsal xidmətlər sektorunun xarakterik xüsusiyyəti olan “Agile” idarəetmə metodologiyasının əhəmiyyətinə də toxunub. O vurğulayıb ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” Qanunda edilən dəyişikliklər ənənəvi yoxlama mexanizmlərindən müasir, risk əsaslı rəqəmsal monitorinq modellərinə keçidi nəzərdə tutur: “Nəzərə alaq ki, bu dəyişikliklər sahibkarlara daxili operativ yoxlama proseslərinə deyil, qlobal satış kanallarının genişləndirilməsinə və elektron əməliyyatların çevikliklə həyata keçirilməsinə köklənmək imkanı verəcək”.
Qarşıya qoyulan qanunvericilik hədəflərinin daxili rəqəmsal ekosistemin şəffaflaşmasına və “B2G” əlaqələrinin inkişafına da xidmət etdiyini vurğulayan A. Qədəşov qeyd edib ki, “Dövlət satınalmaları haqqında” Qanuna tətbiq edilən yeniliklər ölkədə rəqəmsal tender mühitini gücləndirəcək. Bu elektronlaşma yerli startapların və e-ticarət platformalarının dövlət satınalmalarında iştirakını asanlaşdırmaqla yanaşı, onların beynəlxalq bazarlara çıxmazdan əvvəl daxili bazarda təkmilləşmələri üçün bir platforma rolunu oynayacaq.
“Qanunvericilik bazasının optimallaşdırılması e-ticarət və aqrar-sənaye ixracının inkişafı üçün mühüm zəmin yaradır. Yeni tənzimləyici çərçivə istehsalçıların və xidmət göstərənlərin beynəlxalq standartlara çevik uyğunlaşmasına, intellektual xidmət ixracının genişləndirilməsinə və qlobal dəyər zəncirlərinə inteqrasiyasına xidmət edir. Bununla da, həyata keçirilən bu tədbirlər Azərbaycanın qlobal rəqəmsal ticarət mühitində mövqeyinin gücləndirilməsi, “Azexport” kimi rəqəmsal həllərin fəaliyyət istiqamətlərinin genişləndirilməsi və beynəlxalq reytinqlərdə ölkəmizin indikatorlarının yaxşılaşdırılması baxımından müstəsna əhəmiyyət daşıyır”,- deyə o diqqətə çatdırıb.