İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində 2026-cı ilin yekunları üzrə nəticə indikatorlarının dəqiqləşdirilməsi, eləcə də yekun monitorinq və qiymətləndirmə prosesinə hazırlıq məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə keçirilən görüşlər başa çatıb.
Oktyabr ayı ərzində əyani və onlayn formatlarda təşkil olunan görüşlərdə Strategiyanın icra müddətinin başa çatmaq üzrə olduğu nəzərə alınaraq, 2026-cı il üzrə müəyyən edilmiş hədəf göstəriciləri, nəticə indikatorlarının mövcud icra vəziyyəti, qarşıya çıxan çağırışlar və yekun hesabatlılığın təşkili məsələləri müzakirə olunub. İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları ilə aidiyyəti dövlət qurumlarının nümayəndələri arasında nəticə indikatorlarının ölçülməsi üçün tələb olunan məlumatların əlçatanlığı və hesabatlılıq mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Yekun monitorinq və qiymətləndirmənin obyektiv və nəticəyönümlü həyata keçirilməsi məqsədilə kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, faktiki nəticələrin əsaslandırılması, müvafiq təsdiqedici məlumatların təqdim olunması və qurumlararası əlaqələndirmənin gücləndirilməsi istiqamətində tövsiyələr verilib. Həmçinin Strategiyanın beşillik icra dövrü üzrə müəyyən edilmiş hədəflərə nailolma səviyyəsinin qiymətləndirilməsi və əldə olunmuş nəticələrin yekun hesabatlarda dolğun əks etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.