İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlının məqaləsi Sinqapurda “Chandler Governance Group” təşkilatının “Governance Matters” jurnalında dərc olunub.
“Postmünaqişə dövründə Azərbaycanda islahatların monitorinqi” adlı məqalə dövlət proqramlarının nəticəyönümlü idarə olunması, “Smart monitoring” sistemi, Böyük Qayıdışın monitorinqi və ictimai etimadın gücləndirilməsinə həsr edilib.
Nəşrdə müxtəlif ölkələrdən tanınmış dövlət və hökumət nümayəndələrinin, eləcə də idarəçilik sahəsində nüfuzlu şəxslərin məqalələri yer alıb. Onların sırasında Estoniyanın Ədliyyə və Rəqəmsal İşlər naziri Liisa-Li Pakosta, Yeni Zelandiyanın Ticarət və İnvestisiya naziri Todd Makley, Yamaykanın Maliyyə və Dövlət Qulluğu naziri Fayval Uilyams, Latviya Milli Silahlı Qüvvələrinin mayoru Modris Kairišs, Tanzaniya Vəhşi Təbiətin İdarə Edilməsi İdarəsinin nümayəndəsi Lilian Saidi Vava və Butanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Pema Çoden də var.
140-dan çox ölkədə rəhbər şəxslər və mütəxəssislərlə dövlət idarəçiliyi sahəsində təcrübələri çatdıran nəşrdə Azərbaycanın dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üzrə formalaşdırdığı sistem, rəqəmsal həllərin tətbiqi və sübuta əsaslanan qərarvermə mexanizmləri təqdim edilir.
Məqalənin əsas ideyası islahatların uğurunu müəyyən edən mühüm prinsip üzərində qurulub: qəbul edilmiş qərarlar aydın öhdəliklərə çevrilməli, onların icrası ölçülməli və əldə olunan nəticələr yoxlanılmalıdır. Vüsal Qasımlı vurğulayır ki, ardıcıl monitorinq dövlət qurumlarına icradakı boşluqları vaxtında müəyyənləşdirmək, düzəlişlər etmək və milli inkişaf hədəflərinə doğru irəliləyişi qiymətləndirmək imkanı verir. Belə yanaşma vədlərlə nəticələr arasında əlaqəni görünən etməklə islahat prosesinə etimadı gücləndirir.
Nəşrdə 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış İİTKM-in fəaliyyəti dövlət proqramlarının nəticəyönümlü monitorinqinə keçidin mühüm institusional dayağı kimi təqdim olunur. Mərkəzin qiymətləndirmələri görülmüş işlərin uçotu ilə yanaşı, proqramların məqsədlərinə çatmasını, resurslardan səmərəli istifadəni və iqtisadi təsirləri əhatə edir. Bu prosesdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin qiymətləndirmə meyarlarına istinad olunur.
Məqalədə göstərilir ki, 2025-ci ildə İİTKM 24 dövlət proqramının monitorinqini aparıb və 32 monitorinq hesabatı hazırlayıb. Hazırda Mərkəz 28 strateji sənəd üzrə monitorinq və qiymətləndirmə həyata keçirir. Fəaliyyətin genişlənməsi nəticəsində müxtəlif dövrlərdə əhatə olunan strateji sənədlərin sayı 40-ı ötüb, onlardan 16-sı üzrə icra başa çatdırılıb və qiymətləndirmə aparılıb. Sistem “Azərbaycan 2030” Milli Prioritetlərinin həyata keçirilməsini ölçülə bilən öhdəliklər və vahid hesabatlılıq prinsipləri ilə dəstəkləyir.
“Smart monitoring” platforması bu yanaşmanın rəqəmsal əsasını təşkil edir. Dövlət qurumlarının təqdim etdiyi məlumatlar və təsdiqedici sənədlər İİTKM mütəxəssisləri tərəfindən təhlil edilir, göstəricilərlə tutuşdurulur və sahə monitorinqləri vasitəsilə yoxlanılır. Ümumiləşdirilmiş nəticələr və tövsiyələr interaktiv panellər, rüblük, yarımillik və illik hesabatlar vasitəsilə Nazirlər Kabinetinə təqdim olunur. Layihələrin idarə edilməsi modulu isə xərclər və icra müddətləri üzrə kənarlaşmaları erkən mərhələdə müəyyənləşdirməyə imkan verir.
Nəşrdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının monitorinqinə xüsusi yer ayrılır. Çoxsaylı qurumların iştirak etdiyi genişmiqyaslı bərpa və məskunlaşma prosesində vahid informasiya mühiti koordinasiyanın və operativ qərarvermənin əhəmiyyətini artırır. Coğrafi informasiya sistemləri, peyk xəritələri və onlayn kameralar inzibati hesabatları ərazilərdəki faktiki vəziyyətlə müqayisə etməyə imkan yaradır. Digər dövlət qurumlarının elektron sistemləri ilə təhlükəsiz məlumat mübadiləsi isə minatəmizləmə, su ehtiyatları, kənd təsərrüfatı torpaqları və nəqliyyat infrastrukturu üzrə məlumatların əlaqələndirilməsini dəstəkləyir.
Məqalədə texnologiyanın səmərəli idarəetməyə töhfəsi onun tətbiq olunduğu institusional mühitlə birlikdə izah edilir. Platformanın fəaliyyəti aydın mandat, müstəqil analitik potensial, monitorinqin planlaşdırma və büdcələşdirmə prosesləri ilə əlaqəsi, eləcə də dövlət qurumlarında mütəxəssislərin hazırlanması ilə tamamlanır. Süni intellekt əsaslı çatbot səlahiyyətli istifadəçilərə platformadan istifadədə kömək edir, təlimlər isə nəticəyönümlü monitorinq üzrə bacarıqları gücləndirir.
Vüsal Qasımlının qənaətinə görə, real vaxt rejimində monitorinqin proqram başa çatdıqdan sonra aparılan qiymətləndirmə ilə uzlaşdırılması institusional öyrənmə üçün mühüm imkan yaradır. Vahid platforma proqramların bir-birini necə tamamladığını, icrada hansı maneələrin yarandığını və hansı istiqamətlərdə əlavə tədbirlərə ehtiyac olduğunu daha aydın göstərir.
Məqalə:
https://chandlergovernance.com/governancematters/monitoring-reform-in-post-conflict-azerbaijan
Jurnalın PDF versiyası:
https://downloads.chandlerinstitute.org/Governance-Matters-2026.pdf