Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) açıqladığı “Qlobal İnnovasiya İndeksi 2026” hesabatında Azərbaycan ötən illə müqayisədə 9 pillə irəliləyərək 139 iqtisadiyyat arasında 85-ci yerdə qərarlaşıb. Ölkəmizin infrastruktur, institutlar, bazarın inkişaf səviyyəsi, biznesin inkişaf səviyyəsi, bilik və texnoloji nəticələr üzrə göstəriciləri yaxşılaşıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli bildirib ki, innovasiya mühitinin müxtəlif tərəflərini əhatə edən bu yüksəliş Azərbaycanın iqtisadi inkişafında yeni texnologiyaların və sahibkarlıq təşəbbüslərinin rolunun artırılması baxımından əhəmiyyətlidir.
Biznesin inkişaf səviyyəsi üzrə 20 pilləlik irəliləyiş Azərbaycanın ən böyük yüksəliş qeydə aldığı istiqamətdir. Bu kateqoriya şirkətlərin bilik və bacarıqlardan istifadəsini, innovasiya əlaqələrini və yeni bilikləri mənimsəmək imkanlarını qiymətləndirir. Universitetlərlə müəssisələr arasında tədqiqat əməkdaşlığı, ixtisaslı mütəxəssislərin iqtisadi fəaliyyətdə iştirakı və texnologiyaların biznesə inteqrasiyası burada mühüm yer tutur. Qeyd olunan yüksəliş innovasiyanın müəssisə səviyyəsində inkişafı baxımından diqqəti cəlb edir. Yeni biliklərin istehsala və xidmətlərə tətbiqi şirkətlər üçün daha səmərəli iş üsulları, yeni məhsullar və daha geniş bazar imkanları deməkdir.
İnfrastruktur üzrə 18 pilləlik yüksəliş innovasiya fəaliyyətinin əsas dayaqlarından birində müsbət dinamika olduğunu göstərir. Bu istiqamət informasiya-kommunikasiya texnologiyalarını, ümumi infrastrukturu və ekoloji dayanıqlılığı əhatə edir. Rəqəmsal bağlantı, elektron xidmətlər, enerji və logistika imkanları yeni texnologiyaların iqtisadiyyatda tətbiqini asanlaşdıran amillərdir. İnfrastrukturun inkişafı ideyanın praktik həllə çevrilməsi üçün şərait yaradır: sahibkarın rəqəmsal bazara çıxışını genişləndirir, müəssisənin fəaliyyətini daha səmərəli təşkil etməsinə kömək edir və innovativ xidmətlərin istifadəçilərə çatdırılmasını asanlaşdırır. Azərbaycanın bu sahədə irəliləyişi innovasiyaya əsaslanan fəaliyyətlərin genişlənməsi üçün müsbət göstəricidir.
Bilik və texnoloji nəticələr üzrə 10 pilləlik irəliləyiş innovasiyanın iqtisadi nəticələrini əhatə edən istiqamətdə yüksəlişi əks etdirir. Bu sahə biliklərin yaradılması, iqtisadi təsiri və yayılması kimi komponentləri birləşdirir. Elmi nəşrlər, patentlər, yüksək texnologiyalı istehsal və ixrac, eləcə də biliklərin beynəlxalq dövriyyəsi bu istiqamətin qiymətləndirmə çərçivəsinə daxildir. Buradakı irəliləyiş elmi və texnoloji imkanların iqtisadi dəyərə çevrilməsi baxımından əhəmiyyət daşıyır. Tədqiqat nəticələrinin kommersiyalaşdırılması və texnoloji sahibkarlığın genişlənməsi daha yüksək əlavə dəyər yaradan məhsul və xidmətlərin inkişafına xidmət edə bilər.
Bazarın inkişaf səviyyəsi üzrə 9 pilləlik yüksəliş innovasiyanın maliyyələşməsi və bazara çıxışı ilə bağlı imkanlar baxımından diqqətəlayiqdir. Bu istiqamət kreditə çıxış, investisiya, ticarət və bazar miqyası kimi komponentləri əhatə edir. Yeni ideyanın uğurlu biznesə çevrilməsi üçün maliyyə resursları və həmin məhsula tələbatın olduğu bazar vacibdir. Bu səbəbdən bazarın inkişaf səviyyəsi innovasiya prosesində ideya ilə kommersiya nəticəsi arasında mühüm əlaqə yaradır. Azərbaycanın bu sahədə mövqeyinin yaxşılaşması innovativ təşəbbüslərin iqtisadi perspektivini genişləndirən şərait baxımından müsbət qiymətləndirilə bilər.
İnstitutlar üzrə 5 pillə irəliləyən Azərbaycan 36-cı yerə yüksəlib. İnstitusional mühit ölkənin indeksdə seçilən üstünlüklərindən biridir və WIPO hesabatının təhlil hissəsində də ayrıca qeyd olunur. Bu istiqamət institusional, tənzimləyici və biznes mühitini qiymətləndirir. Aydın qaydalar, idarəetmənin səmərəliliyi və sahibkarlıq fəaliyyəti üçün proqnozlaşdırılan şərait yeni təşəbbüslərin inkişafında mühüm rol oynayır. İnnovasiya gələcəyə yönəlmiş qərarlar tələb etdiyindən, əlverişli institusional mühit sahibkarların və investorların uzunmüddətli planlarına dayaq verir.
Rəşad Nəcəfli əlavə edib ki, beş istiqamətdə əldə olunan irəliləyiş innovasiya ekosisteminin bir-biri ilə bağlı sahələrini əhatə edir. İnstitusional mühit təşəbbüslərə dayaq verir, infrastruktur onların həyata keçirilməsini asanlaşdırır, bazar imkanları maliyyələşmə və kommersiya perspektivi yaradır. Biznes bu imkanları məhsul və xidmətlərə çevirir, bilik və texnoloji nəticələr isə innovasiyanın iqtisadi təsirini əks etdirir.
2026-cı il hesabatının əsas mövzusu qabaqcıl elmi tədqiqatların sahibkarlıq fəaliyyətinə çevrilməsidir. WIPO elmi yeniliklərin real məhsullar, şirkətlər və iş yerləri yaratmasını önə çəkir. Azərbaycanın qeydə aldığı yüksəliş də bu qlobal gündəlik fonunda əhəmiyyət daşıyır. Əldə olunan dinamikanın davam etdirilməsi, elmlə biznes arasında əməkdaşlığın genişləndirilməsi və texnoloji təşəbbüslərin təşviqi iqtisadi şaxələndirməyə və ölkənin beynəlxalq rəqabət qabiliyyətinin möhkəmlənməsinə töhfə verə bilər.