İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə sentyabr sayını təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artaraq 2,81 milyard ABŞ dolları təşkil edib.
Cari ilin avqust ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 350,8 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 80,7 milyon ABŞ dollarına bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 11,4 faiz artaraq 251,1 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-avqust aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,3 dəfə, pambıq iplik 62,2%, alüminium və ondan hazırlanan məmulatlar 42,8%, bitki və heyvan mənşəli piylər və yağlar 30,2%, qara metallar və onlardan hazırlanan məmulatlar 20,5%, pambıq lifi 17,8%, meyvə-tərəvəz 13,7%, çay isə 12,1% artıb.
2026-cı ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 19,2% artaraq 732 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 22,1% artaraq 255,8 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,9% artaraq 987,8 milyon ABŞ dollarına bərabər olub.
Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (271,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mis filizləri və konsentratları (183,7 milyon ABŞ dolları) ikinci, tomat (172,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin avqust ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (36,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mis filizləri və konsentratları (31,7 milyon ABŞ dolları) ikinci, şaftalı (nektarinlər daxil olmaqla) (29,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-avqust aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 814,2 milyon ABŞ dolları, Türkiyəyə 435 milyon ABŞ dolları, Gürcüstana 386,5 milyon ABŞ dolları, İsveçrəyə 284,4 milyon ABŞ dolları, Ukraynaya isə 101,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-cı ilin avqust ayında Rusiya Federasiyasına 82,5 milyon ABŞ dolları, Gürcüstana 58,5 milyon ABŞ dolları, Türkiyəyə 44,4 milyon ABŞ dolları, İsveçrəyə 37,9 milyon ABŞ dolları, Ukraynaya isə 16,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2026-cı ilin yanvar-avqust ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Prime Export" MMC, "Tabaterra" MMC, "Vvest Stream" MMC, "Agrarco" MMC, "Silk Way Aviaşirkəti" MMC və "P-Aqro" MMC.
Qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "Azergold" QSC, "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Naxçıvan Enerji" MMC, "Socar Cape" MMC və "Azəripək" ASC.
2026-cı ilin yanvar–avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə ümumilikdə 17,4 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərilib. Bu dövr ərzində formalaşan ümumi gəlirlərin 61 faizini ixrac əməliyyatları təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1 milyon ABŞ dolları ilə Lüksemburq, 874,7 min ABŞ dolları ilə Türkiyə, 776,5 min ABŞ dolları ilə Pakistan və 437,2 min ABŞ dolları ilə Tanzaniya qərarlaşıb. Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir.
Ətraflı: https://ereforms.gov.az/files/review/pdf/az/1790e958487074fb91150961226ef49a.pdf