28 sentyabr 2026, 11:20

Qlobal iqtisadiyyatda texnoloji transformasiyanın sürətlənməsi, süni intellektin tətbiq dairəsinin genişlənməsi və yeni biznes modellərinin meydana çıxması insan kapitalının iqtisadi inkişafda rolunu daha da artırır. Bu şəraitdə ölkələrin rəqabət üstünlüyü yalnız maliyyə və təbii resurslarla deyil, eyni zamanda, əmək qüvvəsinin bilik və bacarıqları, innovasiya potensialı və yeni texnologiyalara uyğunlaşma qabiliyyəti ilə müəyyən olunur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı AZƏRTAC-a açıqlamasında bildirib ki, Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da Azərbaycanın iqtisadi diversifikasiya, texnoloji transformasiya və yüksək əlavə dəyər yaradan sahələrə investisiyaların genişləndirilməsi istiqamətində hədəflərini beynəlxalq investorlarla müzakirə etmək üçün mühüm platforma rolunu oynayır.

Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində qeyd edib ki, 2020-ci ildən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil edib, qeyri-neft sənayesi 1,5 dəfə, qeyri-neft ixracı isə təxminən iki dəfə artıb. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatıb. Dövlət başçısının vurğuladığı kimi, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 10 milyard ABŞ dollarından çox investisiya sazişinin imzalanması, bunun 7 milyard dollardan çoxunun qeyri-neft sektorunun payına düşməsi Azərbaycana artan investor marağını göstərib. II Forumda iştirakçı coğrafiyasının və beynəlxalq təmsilçiliyin genişlənməsi isə bu marağın davam etdiyini göstərir. Prezidentin müraciətində xarici investisiyaların qeyri-neft sektorunun inkişafına və Azərbaycanın qlobal dəyər zəncirlərinə inteqrasiyasına töhfəsi vurğulanıb, qabaqcıl texnologiyalar gətirən, məhsuldarlığı artıran və ixtisaslı iş yerləri yaradan layihələrə xüsusi önəm verildiyi qeyd olunub. Bu yanaşma iqtisadi diversifikasiyanın investisiya və texnologiyaların cəlbi ilə yanaşı, onları mənimsəyə, tətbiq edə və iqtisadi dəyərə çevirə bilən insan kapitalının inkişafının da paralel aparılmasının əhəmiyyətini ön plana çıxarır. Məhz bu baxımdan Forumun proqramında yer alan “İnsan kapitalına və gələcək bacarıqlara investisiya” mövzusu xüsusi maraq doğurur.

Lətif Zeynallı qeyd edib ki, iqtisadiyyatın yüksək əlavə dəyər yaradan və texnologiyayönümlü sahələr hesabına şaxələndirilməsi insan kapitalına olan tələbləri də dəyişir. Müasir iqtisadiyyatda insan kapitalına investisiya artıq yalnız formal təhsil və peşə hazırlığı ilə məhdudlaşmır. Rəqəmsal bacarıqlar, innovativ düşüncə, liderlik, adaptasiya qabiliyyəti və ömürboyu öyrənmə yeni iqtisadi şəraitdə insan kapitalının əsas komponentləri sırasında yer alır. Onun sözlərinə görə, investisiya, texnologiya və insan kapitalı arasında əlaqənin gücləndirilməsi iqtisadi diversifikasiyanın dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Qabaqcıl texnologiyaların tətbiqinin genişlənməsi yeni bacarıqlara malik işçi qüvvəsinə tələbi artırır, əmək bazarının bu tələbə uyğunlaşması isə məhsuldarlığın və yüksək əlavə dəyər yaradan fəaliyyətlərin genişlənməsini dəstəkləyir. Bu baxımdan insan kapitalının inkişafı investisiya siyasəti ilə iqtisadi diversifikasiya arasında mühüm əlaqələndirici amillərdən biri kimi çıxış edir. Məhz bu kontekstdə Azərbaycanda insan kapitalının inkişafı strateji siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “Müasir innovasiyalar məkanı və rəqabətli insan kapitalı” beş milli prioritetdən biri kimi təsbit olunub. Sənəddə XXI əsrin tələblərinə uyğun təhsil, rəqəmsal kompetensiyaların inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və ömürboyu öyrənmə insan kapitalının inkişafının mühüm elementləri kimi nəzərdə tutulur.

Növbəti mərhələdə əsas məsələlərdən biri təhsil sistemi ilə əmək bazarı arasında əlaqənin daha çevik qurulmasıdır. Texnoloji dəyişikliklər fonunda təhsil və peşə hazırlığı proqramlarının əmək bazarının tələblərinə uyğun yenilənməsi, eləcə də davamlı bacarıq inkişafının təşviqi iqtisadiyyatın struktur transformasiyasını dəstəkləyə bilər. Bu istiqamət 2026-2030-cu illər üzrə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planında da əksini tapır. Sənəddə işçi qüvvəsinin bacarıqlarının inkişafı, “yaşıl iqtisadiyyat”a uyğun peşə hazırlığı və dual təhsilin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, data analitikası, proqramlaşdırma, kibertəhlükəsizlik və bərpa olunan enerji texnologiyaları üzrə təlimlərin təşkili gələcək bacarıqların formalaşdırılması istiqamətində praktiki addımları əks etdirir. Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, 2026-cı ilin ötən dövründə 10 851 nəfər peşə hazırlığına cəlb edilib, ilin sonunadək isə əlavə 6 650 nəfərin bu proqramlara qoşulması planlaşdırılır. Digər tərəfdən, insan kapitalının inkişafında dövlət-universitet-biznes əməkdaşlığının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Universitetlərdə formalaşdırılan bilik və bacarıqların biznes sektorunun real ehtiyacları ilə uzlaşdırılması, şirkətlərin təhsil və peşə hazırlığı prosesində daha fəal iştirakı, təcrübə və iş əsaslı öyrənmə imkanlarının genişləndirilməsi əmək bazarında bacarıq uyğunsuzluğunun azaldılmasına və məzunların məşğulluq imkanlarının artırılmasına töhfə verə bilər.

İİTKM-in şöbə müdiri vurğulayıb ki, uzunmüddətli perspektivdə ölkələrin əsas rəqabət üstünlüklərindən biri dəyişən texnologiyalara uyğunlaşa, yeni bilik yarada və həmin biliyi iqtisadi dəyərə çevirə bilən insan kapitalıdır. Buna görə də insan kapitalına investisiya yalnız sosial inkişaf məsələsi deyil, eyni zamanda məhsuldarlığın, innovasiyanın və iqtisadi diversifikasiyanın mühüm şərtlərindən biridir.

Beləliklə, rəqəmsal transformasiya və yaşıl keçid fonunda insan kapitalına və gələcək bacarıqlara investisiyaların genişləndirilməsi Azərbaycanın uzunmüddətli rəqabətqabiliyyətliliyinin gücləndirilməsinə, yüksək əlavə dəyər yaradan fəaliyyətlərin və ixtisaslı məşğulluğun genişlənməsinə töhfə verə bilər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az