Azərbaycanda investisiya imkanlarının reallaşdırılması, xarici sərmayələrin cəlb edilməsi və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi bu prioritetlərin reallaşdırılmasına yönəlmiş addımlardan biridir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədov bildirib ki, beynəlxalq investisiya forumları investisiya sahəsində yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, potensial layihələrin təqdim olunması və investisiya təşəbbüslərinin reallaşdırılması baxımından mühüm vasitə hesab olunur. Bu baxımdan, onu ölkənin sosial-iqtisadi inkişaf proqramlarında müəyyən edilmiş məqsədlərin reallaşdırılması üçün investisiya resurslarının səfərbər edilməsinə xidmət edən mexanizm kimi də qiymətləndirmək olar. Məsələn, 2025-ci ilin sentyabrında keçirilmiş 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb və bunun da 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorununun payına düşüb.
2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub. Forumun mövzusu Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyi və yeni regional bağlantıların formalaşdığı, habelə dünyada texnologiya və süni intellektin iqtisadi proseslərə təsirinin sürətlə genişləndiyi şəraitdə xüsusilə aktualdır.
Forumun gündəliyi Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf prioritetləri ilə birbaşa əlaqələndirilərək Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, sənaye və azad iqtisadi zonalar, maliyyə əməkdaşlığı, aqrobiznes, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi müxtəlif istiqamətləri əhatə edir. Bu istiqamətlər isə həm Azərbaycanın mövcud iqtisadi və coğrafi üstünlüklərindən istifadəni, həm də yeni texnoloji və innovativ sahələrdə investisiya imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və iqtisadi artımın əsasən qeyri-neft sektorunun hesabına təmin edilməsi iqtisadi siyasətin əsas məqsədlərindəndir. Forumun sənaye, aqrobiznes, turizm, maliyyə, daşınmaz əmlak və digər sahələri investisiya gündəliyinə daxil etməsi bu məqsədlə birbaşa əlaqəlidir. Sənaye parklarının və azad iqtisadi zonaların inkişafı istehsal potensialının artırılması üçün mühüm vasitədir. Xarici investorların bu platformalara cəlb edilməsi texnologiya transferinin və yeni istehsal imkanlarının genişləndirilməsinə xidmət edir.
Aqrobiznesə investisiyaların artırılması kənd yerlərində iqtisadi fəallığın artırılması baxımından əhəmiyyətlidir. Bu istiqamətdə investisiyaların kənd təsərrüfatı məhsullarının istehsalından emalına, logistika və marketinqə qədər dəyər zəncirinin bütün həlqələrini əhatə etməsi ölkədə yaradılan əlavə dəyərin artmasına imkan verər.
Bağış Əhmədov qeyd edib ki, Azərbaycanda nəqliyyat və logistika infrastrukturunun inkişaf etdirilməsi ölkənin tranzit potensialından daha səmərəli istifadə etməklə yanaşı, yeni istehsal və xidmət sahələrinin yaradılması, regionlarda iqtisadi fəallığının artırılması və ölkənin beynəlxalq dəyər zəncirlərinə inteqrasiyası üçün imkanlar yaradır. Bu baxımdan Orta Dəhliz üzrə investisiyaların cəlb edilməsi yalnız nəqliyyat sektorunun deyil, həm də sənaye və xidmət sahələrinin inkişafına multiplikativ təsir göstərə bilər.
Bərpa olunan enerji mənbələrinə, elektrik enerjisinin ötürülməsi infrastrukturuna və digər yaşıl texnologiyalara investisiyaların artırılması iqtisadi artımla ekoloji dayanıqlılığın uzlaşdırılmasına imkan yaradır. Bu baxımdan xarici investisiyaların yaşıl enerji layihələrinə yönəldilməsi həm enerji sektorunun transformasiyasına, həm də Azərbaycanın yeni regional enerji bağlantılarında iştirakına töhfə verir.
Süni intellekt və rəqəmsal transformasiya forumun gündəliyində yer alan digər mühüm istiqamətdir. Bu istiqamət ölkənin sosial-iqtisadi inkişaf proqramlarında nəzərdə tutulan innovasiya potensialının artırılması və rəqəmsal iqtisadiyyatın inkişafı məqsədləri ilə əlaqəlidir. Süni intellektə, rəqəmsal infrastruktura və innovasiya ekosisteminə investisiyaların artırılması dövlət və özəl sektorun xidmət və istehsal proseslərinin səmərəliliyinin yüksəldilməsinə, yeni biznes modellərinin formalaşmasına və yüksək əlavə dəyər yaradan iqtisadi fəaliyyət sahələrinin inkişafına imkan verir. Eyni zamanda, süni intellektin sənaye, kənd təsərrüfatı, maliyyə və digər sahələrə tətbiqi investisiya imkanlarının sektorlararası genişlənməsinə şərait yaradır.
Müasir iqtisadiyyatın texnoloji transformasiyası əmək bazarında yeni bacarıqlara tələbi artırır. Bu baxımdan əmək bazarının tələblərinə uyğun kadr hazırlığına investisiyalar iqtisadi artımın dayanıqlılığının təmin edilməsində mühüm rol oynayır. İnvestisiya forumunun bu məsələləri beynəlxalq biznes ictimaiyyətinin gündəliyinə çıxarması insan kapitalının yalnız sosial amil kimi deyil, həm də iqtisadi rəqabətqabiliyyətlilik amili kimi nəzərdən keçirilməsinə imkan yaradır.
Bağış Əhmədov əlavə edib ki, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun gündəliyində yer alan əsas istiqamətlər ölkənin sosial-iqtisadi inkişaf proqramlarında müəyyən edilmiş prioritetlərlə qarşılıqlı şəkildə əlaqələndirilib. Sənaye və azad iqtisadi zonalar iqtisadi diversifikasiyanı, Orta Dəhliz və logistika beynəlxalq iqtisadi inteqrasiyanı, yaşıl enerji ekoloji dayanıqlı inkişafı, süni intellekt və rəqəmsallaşma innovasiya və məhsuldarlığın artırılmasını, aqrobiznes regional inkişafı, insan kapitalı isə uzunmüddətli rəqabətqabiliyyətliliyi dəstəkləyən investisiya istiqamətləri kimi çıxış edir.