İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
analitiki Ayhan Satıcının şərhi
Asiya İnkişaf Bankının illik hazırladığı Asiya İqtisadi İnteqrasiya hesabatı bu il “Rəqəmsal platformaların Asiya və Sakit Okean üçün işləməsini təmin etmək” başlığı ilə dərc edilib. Hesabatda pandemiyanın Asiya və Sakit Okeanda ölkələrarası iqtisadi aktivliyin qapanmalar, səyahət və ticarət məhdudiyyətlərindən dolayı kəskin azaldığı qeyd edilir. Hesabatda sürətli texnoloji inkişafın, rəqəmsallaşmanın, xidmət ticarətinin artırılmasının regional iqtisadiyyatın yenidən bərpasındakı rolundan bəhs edilir.
Rəqəmsal əlaqələrin inkişafı ümumi Asiya üzrə internetə çıxışın artması ilə yüksəlib. Bu da bir faktdır ki, internetə çıxışın olması istehlakçıların, müəssisələrin və dövlətlərin coğrafi sərhədlərdən kənardakı mallara və xidmətlərə əlçatanlığını asanlaşdırır. Hesabata əsasən, Azərbaycan Asiya üzrə əhalinin internetə çıxışı yüksək olan ölkələrdən biridir. Belə ki, 2006-2009-cu illər üzrə internetə çıxışı olanların ümumi əhalidə nisbəti ortalama faiz göstəricisi 20 faiz ətrafında idisə, bu göstərici 2014-2017-ci illərdə 80 faizə çatıb. 8 il ərzində aparılan islahatlar öz töhfəsini verərək 60 faizə yaxın artıma nail olunub. Onu da qeyd etmək gərəkdir ki, bu göstəricilər 2014-2017-ci illər üzrə Qazaxıstanda 70 faiz, Gürcüstanda 55-60 faiz olaraq göstərilir.
Pandemiya dövründə onlayn təhsilə keçidin təmin edilməsi ilə internetə olan çıxışın vacibliyi artıb. Hesabatda qeyd edilir ki, təhsil müəssisələrinin 190-dan çox ölkədə bağlanması 1,5 milyard təhsil alan şəxslərə təsir edib. İnternetə çıxışı yüksək olan və infrastruktur baxımından hazırlıqlı olan ölkələrdə onlayn təhsilə sürətli keçid prosesi rahat bir şəkildə baş tutub. Azərbaycanda bu proseslər görülən tədbirlər nəticəsində minimum təsir ilə davam etdirilir. Belə ki, hesabata əsasən Azərbaycan Microsoft ilə Virtual Məktəb layihəsi həyata keçirib. Həmçinin, evdə təhsilin mümkünlüyünün olması üçün ev təsərrüfatlarında rəqəmsal cihazın və əlaqənin olması vacib şərtdir. Statistik göstəricilərə əsasən, Azərbaycanda ev təsərrüfatlarının 80 faizə yaxınında internetə çıxışı vardırsa, cəmi 64,1 faizində kompüter vardır. Bu da öz növbəsində Asiyada digər ölkələrə nəzərən kifayət qədər yüksək bir göstəricidir. Məsələn, ev təsərrüfatlarında kompüterin olması göstəricisi Gürcüstanda 62,1 faiz, Filippində 23,4 faiz, İndoneziyada 20,1 faiz, Hindistanda 16,6 faiz olaraq dəyişir.
Pandemiyanın təsiri rəqəmsallaşmada inkişaf etmiş ölkələrdə daha aşağı olub. Asiya ölkələrində pul baratlarının göndərilməsində xərclər regionlara uyğun olaraq dəyişir. Belə ki, 200 ABŞ dollarının köçürülməsində Asiyada Mərkəzi Asiya regionu üçün ən aşağı xərc 1 faiz olmaqla Azərbaycanda qeydə alınıb. Halbuki, bu rəqəm Cənubi Asiya regionunda 4,1 faizlə ən aşağı Banqladeşdə, Sakit Okeanda 8,1 faizlə Ficidə və 10,8 faizlə Tonqada dəyişir. Bu da öz növbəsində onu göstərir ki, pandemiyadan dolayı ənənəvi pul köçürmə metodları bağlanıb və rəqəmsallaşmada inkişaf etmiş ölkələr üçün bu sahədə geriləmə digər ölkələrə nəzərən təsiri az olub.
Regional inteqrasiya və əməkdaşlıq üzrə bütöv Avrasiyada olan trendlər Avrasiya İnteqrasiya indeksi üzrə analiz edilib. İndeks özlüyündə ticarət və investisiya, insanların hərəkəti, texnologiya və rəqəmsal əlaqə, institusional və sosial inteqrasiya, ekoloji əməkdaşlıq kimi müxtəlif indikatorları birləşdirərək Asiya üzrə və Avrasiya daxili ümumi nəticələri əks etdirir. İndeks minimum 0 – inteqrasiya etməyib, maksimum 1 – tam inteqrasiya edib, inkişaf dinamikasını ölçməklə ölkələri qiymətləndirir. Belə ki, Azərbaycan həm Asiya üzrə, həm də Avrasiya daxili inteqrasiyada digər ölkələrlə müqayisədə kifayət qədər yaxşı nəticə göstərib. Azərbaycan qonşu ölkələrdən fərqli olaraq müxtəlif regional bloklara daxil olmadan belə, 2006 və 2017-ci il üçün Asiya ilə inteqrasiya üzrə 0.306-dan 0.342-a, Avrasiya daxili isə inteqrasiya üzrə isə 0.481-dan 0.555-a yüksəlib.
Beləliklə, hesabatın nəticəsi onu göstərir ki, ötən illərdə görülən tədbirlər nəticəsində Azərbaycan pandemiya şəraitində təhsilə və texnologiyalara zəruri çıxışı təmin edə bilib.