25 sentyabr 2026, 12:23

Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) qlobal qütbləşmələrin və təchizat zəncirində kəskin qırılmaların yaşandığı bir dövrdə ölkəmizin qeyri-neft sektorunda yeni investisiya imkanlarının formalaşdırılması və beynəlxalq tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm istiqamətləri müəyyənləşdirib. Bakıda öz işinə başlayan forumun əsas hədəfi yalnız mövcud iqtisadi əlaqələrin qorunması deyil, Azərbaycanın sərbəst hərəkət edən beynəlxalq kapital üçün ən təhlükəsiz və gəlirli tranzit-sənaye qovşağı kimi qlobal dəyər zəncirindəki mövqeyinin daha da möhkəmləndirilməsidir.

Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Ayxan Qədəşov bildirib ki, dünyanın bir nöqtəsində yaranan problemin digər ölkələrdə istehsalı sürətlə dayandıra bildiyi müasir reallıqda, Azərbaycanın öz iqtisadi və logistik bazasını qlobal tələblərə uyğunlaşdırması qeyri-neft ixracı üçün əvəzsiz imkanlar açır. Mövcud iqtisadi reallıqlar beynəlxalq biznesin ilk növbədə sabitlik və etibarlı infrastruktur axtarışında olduğunu diqqətə çatdırır. Bu baxımdan, Azərbaycan Cənubi Qafqazın əsas iqtisadi drayveri və təhlükəsizlik qarantı kimi ön plana çıxır. Keçən ilki forumda imzalanan 10 milyard dollarlıq sazişlərin 7 milyard dollarının məhz qeyri-neft sektorunun payına düşməsi ölkəmizdə iqtisadi şaxələndirmənin artıq real nəticələr verdiyini və investorlar üçün cəlbedici mühitin formalaşdığını sübut edir.

A.Qədəşov vurğulayıb ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, BTQ dəmir yolu və Xəzər donanması kimi nəhəng fiziki infrastruktur layihələrinin uğurla tamamlanması ölkəmizə fəaliyyət müstəvisini daha da genişləndirmək imkanı verir. Belə ki, Azərbaycan artıq beton və dəmirdən ibarət infrastruktur quruculuğundan qlobal miqyaslı "ağıllı logistika" və xidmət keyfiyyətinin idarə edilməsi mərhələsinə keçid edib. Hazırda ənənəvi gömrük-sərhəd prosedurlarının "kağızsız ticarət" mexanizmləri və süni intellekt alətləri ilə optimallaşdırılması beynəlxalq yükdaşımalarda əsas həlledici faktora çevrilir. Məhz bu cür innovativ və rəqəmsal yanaşma Azərbaycan ərazisindən keçən marşrutlarda vaxt və maliyyə xərclərini minimuma endirərək, qlobal logistika şirkətlərinin kütləvi şəkildə Orta Dəhlizə yönəlməsini şərtləndirir.

A.Qədəşov ölkəmizə gətirilən strateji dividentləri izah edərək qeyd edib ki, Azərbaycan artıq sadəcə xammal ölkəsi statusundan çıxaraq, qlobal təchizat zəncirində mühüm “B2B” tərəfdaşına çevrilir. Ölkədə həyata keçirilən investisiya siyasəti xarici sərmayədarlar üçün tam qapalı dövrədə  A-dan Z-yə işləyən ekosistem təqdim edir. Sahibkarlara sənaye parklarında hazır infrastrukturun verilməsi, istehsalı genişləndirmək üçün subsidiyaların ayrılması, məhsul hazır olduqda “Azexport.az” portalı vasitəsilə qlobal bazarlara birbaşa çıxışın təmin edilməsi və yekunda yeni logistika subsidiyası ilə daşınma xərclərinin kompensasiyası investorlar üçün misilsiz şərait yaradır. Yaratdığımız bu etibarlı mühitin, həmçinin razılaşmaların icra müddətinin minimuma endirilməsinin ən real nəticəsidir ki, hazırda Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti mənfəətlərini ölkədən çıxarmaq əvəzinə, yenidən Azərbaycana yatırmağa üstünlük verirlər. Uzunmüddətli öhdəliklərə sadiqlik və etibarlılıq faktoru ölkəmizin hazırda 10-u Avropa İttifaqı üzvü olmaqla, 16 dövləti fasiləsiz təbii qazla təmin etməsində də özünü aydın şəkildə təsdiqləyir.

Tədbirin iqtisadi miqyası qədər, regional əməkdaşlıq və sənaye klasterlərinin formalaşdırılması əhəmiyyəti də dərindir. Azərbaycanın Mərkəzi Asiya, xüsusən də dənizlərə çıxışı olmayan Özbəkistan üçün etibarlı “Geoiqtisadi Sabitlik Dəhlizi”nə çevrilməsi artıq öz bəhrəsini verir. Cari ilin ilk yarısında yerli məhsullarımızın qardaş ölkəyə ixracının 3,6 dəfə  artması 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə inamla yaxınlaşdığımızı göstərir. Paralel olaraq, Zəngəzur dəhlizi çərçivəsində Naxçıvanı Şərqlə Qərbi qovuşduran logistika mərkəzinə çevirəcək 310 hektarlıq yeni Naxçıvan Sənaye Parkının fəaliyyətə başlaması, Qarabağ və Şərqi Zəngəzurun aqrar xammalının dərin emaldan keçərək Qərb bazarlarına ixracına fundamental zəmin yaradacaq.

İnvestisiyaların daxili bazara "lokomotiv effekti"ndən danışan Ayxan Qədəşov vurğulayıb ki, nəhəng transmilli korporasiyaların ölkəyə gəlişi yerli biznes ekosistemində müsbət zəncirvari reaksiya yaradır. Buna ən bariz nümunə kimi yaxın gələcəkdə dağ-mədən sənayesinə yatırılacaq 5.3 milyard manatlıq (80 faizi özəl, 20 faizi dövlət kapitalı) investisiyanı göstərmək olar. Yerli təchizatçı və podratçılar qlobal şirkətlərin tələblərinə cavab vermək üçün öz keyfiyyət və idarəetmə standartlarını beynəlxalq səviyyəyə qaldırmağa məcbur olurlar. Eyni zamanda, ən son texnologiyalarla təchiz edilən bu müəssisələr ölkənin insan kapitalına birbaşa yatırımdır və sənaye ilə ali təhsil müəssisələrinin inteqrasiyası fonunda gələcəyin müasir biliklərə malik yüksək ixtisaslı kadrlarının yetişdirilməsini şərtləndirir.

Ümumilikdə, “AIIF 2026” çərçivəsində aparılan müzakirələr və müəyyən edilən hədəflər sübut edir ki, davamlı daxili siyasi sabitlik, aşağı dövlət borcu, əhəmiyyətli maliyyə buferləri və proqnozlaşdırıla bilən siyasət fonunda Azərbaycan sərbəst beynəlxalq kapital üçün ən təhlükəsiz liman statusunu qoruyur. Bu strateji iqtisadi kurs ölkəmizi xammal ixracatçısından intellekt və yüksək texnologiyalı məhsullar ixrac edən qlobal güc mərkəzinə çevirən fundamental bir addımdır.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az