24 sentyabr 2026, 18:24

Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi və Hökumət üzvlərinin iştirakı ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin 2027-ci il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə olunub. İclasda ortamüddətli dövr üzrə makroiqtisadi və fiskal çərçivə, büdcə siyasətinin əsas istiqamətləri və dövlət xərclərinin prioritetləri nəzərdən keçirilib. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı həmin müşavirədə iştirak edib.

Müzakirələr zamanı bildirilib ki, 2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2,2 faiz olacağı gözlənilir. Makroiqtisadi proqnozlara əsasən, 2027-ci ildə ÜDM-in real artım tempinin 2,7 faiz, qeyri-neft sektoru üzrə isə 4,4 faiz olacağı nəzərdə tutulur. Dövlət büdcəsində sosialyönlü xərclərin payının 44 faiz təşkil edəcəyi, müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına isə 3,4 milyard manat vəsaitin yönəldiləcəyi bildirilib.

İclasda 2027–2030-cu illərdə dövlət büdcəsi xərclərinin əsas prioritetləri sırasında dayanıqlı iqtisadi artımın dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi, müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi, sosial müdafiə və sosial təminat tədbirlərinin icrası, rəqəmsal inkişafın, süni intellektin və innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsi, eləcə də təhsil, səhiyyə və “yaşıl artım” istiqamətləri qeyd olunub. Müzakirələrin yekununda 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin, eləcə də büdcə zərfinə daxil olan digər sənədlərin qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az