23 sentyabr 2026, 15:50

Dünya İqtisadi Forumunun (World Economic Forum) “Chief Sustainability Officers’ Outlook, September 2026” hesabatına əsasən, qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənliyə baxmayaraq, dayanıqlı inkişaf gündəliyi aktuallığını qoruyur. Lakin keçidin əsas hərəkətverici qüvvələri dəyişir. Ekoloji məsələlər getdikcə daha çox şirkətlərin investisiya, istehsal, texnologiya, maliyyələşdirmə və risklərin idarə edilməsi ilə bağlı qərarlarına təsir edir.

Dünya İqtisadi Forumu tərəfindən ilk dəfə hazırlanan hesabat təşkilatın Dayanıqlı İnkişaf üzrə Direktorlar İcmasının 103 üzvü arasında keçirilmiş sorğuya əsaslanır. Respondentlərin 63 faizi növbəti bir ildə dayanıqlı inkişaf istiqamətində irəliləyişin ya mövcud tempini qoruyacağını, ya da sürətlənəcəyini gözləyir. Onların 39 faizi irəliləyişin indiki səviyyədə qalacağını, 24 faizi isə sürətlənəcəyini düşünür.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli bildirib ki, artıq dayanıqlılıq yalnız ekoloji öhdəlik və korporativ hesabatlılıq məsələsi deyil, biznes modelinin tərkib hissəsidir. Şirkətlərin harada istehsal müəssisəsi qurması, hansı texnologiyaları tətbiq etməsi, hansı təchizatçılarla işləməsi və kapitalı hansı layihələrə yönəltməsi onların uzunmüddətli xərclərinə, resurs istifadəsinə və müxtəlif risklərə davamlılığına birbaşa təsir göstərir.

Respondentlərin 64 faizi hesab edir ki, növbəti üç ildə dayanıqlı inkişaf tədbirlərinin biznes üçün daha aydın iqtisadi əsasının formalaşması yaşıl keçidin əsas hərəkətverici qüvvələrindən biri olacaq. Daha ucuz və praktik texnologiyalar 56 faizlə ikinci, şirkətlər arasında əməkdaşlığın genişlənməsi isə 50 faizlə üçüncü əsas amil kimi göstərilib.

Digər tərəfdən, siyasət və tənzimləmə sahəsində qeyri-müəyyənlik respondentlərin 68 faizi tərəfindən dayanıqlı inkişafın qarşısında əsas maneə kimi qiymətləndirilib. Şirkətlərin qısamüddətli maliyyə nəticələrinə üstünlük verməsi 61 faiz, beynəlxalq və geosiyasi gərginliklər isə 54 faiz tərəfindən əsas məhdudlaşdırıcı amil kimi göstərilib.

Bu vəziyyət ölkələr, bazarlar və sektorlar arasında “yaşıl fərqlənmə”nin formalaşmasına səbəb olur. Onlar yaşıl keçidə eyni sürətlə uyğunlaşmır və nəticədə dayanıqlılıq sahəsində fərqlər daha da nəzərə çarpır. Respondentlərin 64 faizi inkişaf etməkdə olan bazarların gələcəkdə qlobal dayanıqlı inkişaf gündəliyində daha böyük rol oynayacağını düşünür.

Dünya İqtisadi Forumunun nəticələri “Bain & Company”nin 2026-cı il üzrə “The Visionary CEO’s Guide to Sustainability” hesabatında təqdim olunan göstəricilərlə də uyğunluq təşkil edir. “Bain”in hesablamalarına görə, son 10 ildə dünyada dayanıqlı texnologiyalara təxminən 17 trilyon ABŞ dolları investisiya qoyulub. Bu rəqəm 2015-ci ildə verilən proqnozdan təxminən 4 trilyon dollar çoxdur. Təkcə 2025-ci ildə dayanıqlı texnologiyalara yatırılan investisiyalar rekord həddə çataraq 2,4 trilyon dollar təşkil edib.

Dünya İqtisadi Forumunun hesabatında süni intellekt dayanıqlı keçidin mühüm vasitələrindən biri kimi qiymətləndirilir. Respondentlərin təxminən dörddə üçü süni intellekt və digər rəqəmsal texnologiyaların risklərin modelləşdirilməsi, enerji və resurs səmərəliliyinin artırılması, ölçmə və hesabatlılığın təkmilləşdirilməsi vasitəsilə dayanıqlı inkişafa töhfə verəcəyini gözləyir.

Bununla yanaşı, respondentlərin 77 faizi süni intellekt infrastrukturunun yüksək enerji və resurs tələbatını texnologiyanın dayanıqlılığa ən ciddi mənfi təsiri hesab edir. Bu səbəbdən süni intellektin tətbiqini yalnız rəqəmsallaşma göstəricisi kimi deyil, enerji sərfiyyatı, resurs istifadəsi və yaratdığı ölçülə bilən iqtisadi və ekoloji nəticələr əsasında qiymətləndirmək vacibdir.

Rəşad Nəcəfli qeyd edib ki, “Chief Sustainability Officers’ Outlook” hesabatında Azərbaycan üzrə ayrıca göstərici təqdim olunmasa da, sorğunun nəticələrinə Azərbaycanın milli inkişaf prioritetləri baxımından da nəzər salmaq mümkündür. Dayanıqlılıq artıq investisiyaların səmərəliliyinə, enerji və su təhlükəsizliyinə, istehsalın davamlılığına və şirkətlərin uzunmüddətli rəqabət qabiliyyətinə təsir edən iqtisadi kateqoriyaya çevrilir. Hədəflərin elan edilməsi kifayət deyil; onlar konkret layihələrə, ölçülə bilən göstəricilərə, əsaslandırılmış investisiya qərarlarına və davamlı monitorinq mexanizmlərinə çevrilməlidir.

Onun sözlərinə görə, Azərbaycan üçün günəş və külək enerjisi, enerji saxlama sistemləri, elektrik şəbəkəsinin modernləşdirilməsi, yaşıl enerji dəhlizləri, ağıllı suvarma, enerji səmərəli binalar, metan sızmalarının aşkarlanması və azaldılması, eləcə də rəqəmsal monitorinq sistemləri xüsusi əhəmiyyət daşıyır.

Yaşıl keçid layihələrinin monitorinqi yalnız ayrılan vəsait və görülən işlərlə məhdudlaşmamalıdır. Burada istehsal olunan təmiz enerjinin həcmi, enerji və su qənaəti, emissiyaların azalması, cəlb edilən özəl investisiya, yaradılan iqtisadi dəyər və iqlim risklərinin azaldılması kimi nəticə göstəriciləri də nəzərə alınmalıdır.

Dünya İqtisadi Forumunun hesabatının əsas mesajı budur ki, gələcək rəqabət üstünlüyünü yalnız dayanıqlılıq öhdəlikləri deyil, bu öhdəlikləri iqtisadi dəyərə, texnoloji həllərə və ölçülə bilən nəticələrə çevirmək bacarığı müəyyən edəcək.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az