22 sentyabr 2026, 11:36

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlığı çərçivəsində hazırlanan “Qida təhlükəsizliyi” dərsliyi üzrə işlər davam etdirilir.

Dərsliyin hazırlanması prosesinin növbəti mərhələsi çərçivəsində AQTA-nın layihədə iştirak edən müəllifləri ilə görüş keçirilib. Görüşdə dərsliyin strukturuna daxil olan bölmələr üzrə hazırlanmış materialların cari vəziyyəti nəzərdən keçirilib, məzmunun elmi və metodoloji baxımdan təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Görüş zamanı ayrı-ayrı bölmələrin hazırlanma səviyyəsi, mövcud materialların əlaqələndirilməsi, zəruri əlavələrin edilməsi və mətnlərin redaktəsi ilə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilib. Dərsliyin bütün bölmələrinin vahid yanaşma və konsepsiya əsasında hazırlanmasının, terminoloji uyğunluğun və mövzular arasında məntiqi ardıcıllığın təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Layihənin hazırlanmasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertləri, eləcə də müxtəlif dövlət qurumlarının, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələrindən ibarət geniş müəllif heyəti iştirak edir. Müxtəlif sahələr üzrə mütəxəssislərin prosesə cəlb olunması dərslikdə qida təhlükəsizliyinin institusional, hüquqi, elmi, iqtisadi və praktiki aspektlərinin kompleks şəkildə əhatə olunmasına imkan yaradır.

Hazırlanan dərsliyin qida təhlükəsizliyi sahəsində müasir yanaşmaların və elmi-praktiki biliklərin sistemli şəkildə təqdim edilməsinə, bu istiqamətdə təhsil və maarifləndirmə imkanlarının genişləndirilməsinə töhfə verməsi nəzərdə tutulur.

Növbəti mərhələdə hazırlanmış bölmələrin nəzərdən keçirilməsi və redaktəsi, müxtəlif müəlliflər tərəfindən təqdim olunan materialların vahid məzmun və metodoloji çərçivədə əlaqələndirilməsi, həmçinin dərsliyin yekun strukturunun və məzmununun formalaşdırılması istiqamətində işlər davam etdiriləcək.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az