17 sentyabr 2026, 17:47

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Yaponiyanın Keio Universitetindən Bakıya səfər edən və Azərbaycanın iqtisadi inkişafı ilə bağlı tədqiqat aparan tələbələr qarşısında mühazirə ilə çıxış edib.

Vüsal Qasımlı İİTKM-in fəaliyyəti, iqtisadi islahatların təhlili, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib. Həmçinin Mərkəzin rəqəmsal transformasiya və innovativ həllərin tətbiqi istiqamətində həyata keçirdiyi təşəbbüslər diqqətə çatdırılıb. Bu çərçivədə "Layihə İdarəetməsi" modulu, süni intellekt texnologiyalarının iqtisadi təhlil, məlumatların emalı və qərar qəbuletmə proseslərində tətbiqi izah olunub.

Mühazirə zamanı Azərbaycanın iqtisadi inkişafı, həyata keçirilən islahatlar və ölkənin strateji prioritetləri barədə ətraflı məlumat verilib. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi”nin imzalanması və sonrakı illərdə neft gəlirlərinin ölkənin iqtisadi inkişafı məqsədilə səmərəli istifadəsi qonaq tədqiqatçıların diqqətinə çatdırılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən bəhs edilərək Zəngəzur dəhlizinin yaradacağı imkanlar izah olunub. Xüsusilə Orta Dəhlizin regional və qlobal əhəmiyyəti, onun Asiya ilə Avropa arasında nəqliyyat, ticarət və iqtisadi əlaqələrin gücləndirilməsində rolu diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan və Yaponiya arasında təhsil və akademik sahələr üzrə əlaqələrin inkişafından bəhs edilib. Vüsal Qasımlı yaponiyalı tələbələri maraqlandıran sualları cavablandırıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az