11 sentyabr 2026, 17:36

Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Milli Fəaliyyət Planının əsas məqsədi azad rəqabət mühitinin gücləndirilməsi, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, biznes və investisiya imkanlarının genişləndirilməsi, eləcə də milli iqtisadiyyatın dayanıqlı inkişafının və qlobal çağırışlara hazırlığının təmin edilməsidir.

Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə həvalə olunub. Agentlik tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim edəcək.

Sərəncama əsasən, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Sənəddən irəli gələn digər məsələlərin həlli isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az