11 sentyabr 2026, 10:17

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ölkənin qida sektorunun qlobal dəyər zəncirinə inteqrasiyasında və əhalinin sağlamlığının qorunmasında yeni strateji mərhələnin başlanğıcıdır. Dövlət, özəl sektor və cəmiyyətin birgə fəaliyyətini nəzərdə tutan Proqram təkcə daxili ərzaq təhlükəsizliyinin təmin edilməsinə deyil, bütövlükdə milli qida sənayesinin beynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfə verəcək.

Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, qlobal iqlim dəyişikliyi, mürəkkəbləşən təchizat zəncirləri və xarici bazarlarda sərtləşən keyfiyyət standartları fonunda bu sənədin qəbulu həlledici əhəmiyyət kəsb edir. Təhlükəsiz və keyfiyyətli qida məhsullarına tələbatın sürətlə artdığı vəziyyətdə Dövlət Proqramı həm ixracatçılar, həm də yerli istehlakçılar üçün yeni imkanlar yaradır. Müasir beynəlxalq ticarətdə qida təhlükəsizliyi artıq sadəcə rəsmi bir tələb deyil, ölkələrin və şirkətlərin rəqabətqabiliyyətliliyini müəyyən edən ən başlıca göstəricidir. Məhz bu baxımdan, Proqram milli qida təhlükəsizliyi sistemini gücləndirməklə yanaşı, yerli brendlərin qlobal rəflərdəki mövqeyini daha da möhkəmləndirəcək.

Ayxan Qədəşov qeyd edib ki, Dövlət Proqramında məhsullarımızın xarici bazarlara çıxışı üçün olduqca konkret və miqyaslı hədəflər müəyyən edilib. Xüsusilə də arıçılıq məhsullarının, o cümlədən balın Avropa İttifaqı ölkələrinə, həmçinin quşçuluq məhsullarının yeni bazarlara ixracı üçün icazələrin alınması istiqamətində nəzərdə tutulan işlər qeyri-neft ixracımızın coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirəcək. Əlavə olaraq, sənəddə müəssisələrin 80 faizində “HACCP” sisteminin tətbiqi ilə bağlı mühüm hədəf qoyulub ki, bu da birbaşa ixrac potensialının artmasına xidmət edir. Bununla yanaşı, idxal-ixrac əməliyyatlarının sürətləndirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın ərazilərdə 2 yeni qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti məntəqəsinin fəaliyyətə başlaması logistika və tranzit imkanlarımıza yeni nəfəs verəcək. Digər tərəfdən, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazara çıxış mexanizminin yaradılması, eləcə də yeni qanunvericilik prosesinə özəl sektorun cəlb edilməsi qida təhlükəsizliyinin təkmilləşdirilməsində dövlət-özəl tərəfdaşlığına verilən xüsusi önəmin göstəricisidir.

Qeyd olunan hədəflərə çatmaqda rəqəmsallaşma və innovasiyaların rolu xüsusi vurğulanmalıdır. Sirr deyil ki, tədarük zəncirinin şəffaflığı beynəlxalq ticarətin onurğa sütunudur. Sənədə əsasən, risklərin və potensial problemlərin təhlili üçün süni intellekt modellərinin tətbiqi, habelə AQTİS daxilində vahid izləmə altsisteminin qurulması, ilkin mərhələdə pilot layihə qismində 50 qida subyektinin bu sistemə qoşulması nəzərdə tutulur. Daha sonra qida məhsullarının saxtalaşdırılmasının qarşısını almaq məqsədilə radiotezlikli identifikasiya (RFID) və əşyaların interneti (IoT) kimi müasir rəqəmsal texnologiyaların tətbiqinin təşviqi məhsulların mənşəyini zəmanət altına alaraq rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Qoyulan hədəflərin sadəcə iqtisadi deyil, həm də cəmiyyətin rifahı və sağlamlığı ilə birbaşa bağlı olduğunu vurğulayan Ayxan Qədəşov xatırladıb ki, sənədin əsas yanaşması məhz istehlakçıların təhlükəsiz qidaya olan hüquqlarının qorunması və qida vərdişlərinin təkmilləşdirilməsindən ibarətdir. Bu mənada, xüsusi etiketlənmənin tətbiqi, allergenlər və bioloji aktiv qida məhsullarının dərman vasitəsi olmaması barədə vizual xəbərdarlıqlar vasitəsilə əhalinin məlumatlandırılması, eləcə də qida israfına qarşı ciddi təşviqat kampaniyalarının aparılması ictimai nəzarəti xeyli gücləndirəcək. Həmçinin, qanunsuz küçə ticarətinin qarşısının alınması və son dövrlər populyarlaşan diyetologiya, nutrisiologiya sahəsində çalışan mütəxəssislərin qeydiyyata alınaraq fəaliyyətlərinə nəzarətin artırılması ictimai sağlamlıq baxımından atılmış olduqca vacib addımlardır. Təbii ki, proses yalnız bununla bitmir; insan, heyvan və ətraf mühit sağlamlığını vahid platformada birləşdirən “vahid sağlamlıq” konsepsiyasının tətbiqi, zoonoz xəstəliklərə və antimikrob rezistentliyə qarşı milli mübarizə strategiyalarının icrası, eyni zamanda yüksək biotəhlükəsizlik tələblərinə cavab verən yeni laboratoriya kompleksinin və vivariumun yaradılması ölkəmizi qlobal bioloji risklərə qarşı daha da dözümlü edəcək.

Ayxan Qədəşov əlavə edib ki, qida zəncirinin bütün mərhələlərini, institusional və insan resurslarının potensialının gücləndirilməsini özündə ehtiva edən Dövlət Proqramı həm qlobal ərzaq təhlükəsizliyi çağırışlarına adekvat cavabdır, həm də yerli istehsalçılarımız üçün böyük dəyişikliklər dövrünün anonsudur. Nəticə etibarilə, rəqəmsal texnologiyalara, beynəlxalq standartlara və "vahid sağlamlıq" prinsiplərinə əsaslanan bu yeni model, yerli ixracatçılarımız üçün dünya bazarında möhkəmlənmək və qlobal ticarət şəbəkəsində mövqelərini daha da gücləndirmək baxımından olduqca geniş üfüqlər açır.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az