“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı “Sağlam həyat tərzi” işçi qrupunun növbəti iclası keçirilib.
Səhiyyə Nazirliyində təşkil olunan iclasda Strategiyanın “Vətəndaşların sağlam həyat tərzi” məqsədi üzrə 2026-cı ilin birinci yarısında görülmüş işlərin ilkin monitorinq və qiymətləndirmə nəticələri müzakirə edilib.
İşçi qrupunun rəhbəri, səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxışı zamanı Strategiyada səhiyyə sahəsi üzrə müəyyən edilmiş hədəflərin əhəmiyyətini qeyd edib. O, nəzərdə tutulan tədbirlərin icrasının ardıcıl şəkildə davam etdirilməsinin və aidiyyəti qurumlar arasında səmərəli əlaqələndirmənin təmin olunmasının Strategiyanın səhiyyə sahəsi üzrə nəzərdə tutulan nəticələrinin təmin edilməsi baxımından önəmini vurğulayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Təranə Salıfova Strategiyanın icra müddətinin 2026-cı ildə başa çatdığını nəzərə alaraq, müəyyən edilmiş hədəflərə nail olunması, icrası davam edən tədbirlərin sürətləndirilməsi və mövcud çağırışların aradan qaldırılması istiqamətində görüləcək işlərin əhəmiyyətini vurğulayıb.
İşçi qrupun sədr müavini, İİTKM-in aparıcı məsləhətçisi Sevinc Cabbarova Strategiyanın “Vətəndaşların sağlam həyat tərzi” məqsədi üzrə 2026-cı ilin birinci yarısının ilkin monitorinq və qiymətləndirmə nəticələrini təqdim edib. Təqdimatda müvafiq fəaliyyət istiqamətləri üzrə əldə olunmuş nəticələr, müəyyən edilmiş hədəflərin icra vəziyyəti, icrası davam edən tədbirlər, eləcə də monitorinq zamanı müəyyən edilmiş əsas çağırış və tövsiyələr diqqətə çatdırılıb.
İclasda əhalinin sağlam həyat tərzinin təşviqi, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, ailə həkimi institutunun inkişafı, ana və uşaq sağlamlığının yaxşılaşdırılması, xəstəliklərin profilaktikası və erkən aşkarlanması, tibbi kadr təminatı, səhiyyə xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması, rəqəmsal səhiyyənin inkişafı, eləcə də digər prioritet istiqamətlər üzrə görülmüş işlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
İşçi qrupun üzvləri monitorinq və qiymətləndirmə nəticələri ilə bağlı çıxış edərək müvafiq istiqamətlər üzrə təkliflərini səsləndiriblər.
“Sağlam həyat tərzi” İşçi qrupunda Səhiyyə Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi və TƏBİB-in rəhbər şəxsləri təmsil olunurlar.