09 sentyabr 2026, 12:37

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı qeyri-neft ixracının genişləndirilməsi və yerli istehsalçıların qlobal bazarlara çıxışının dəstəklənməsi tədbirlərini davam etdirir. Bu çərçivədə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov rəssamlıq ləvazimatları istehsal edən yerli sahibkar Cavid Mehrəliyevlə görüş keçirib.

Görüşün əsas müzakirə obyekti Azərbaycanda istehsal olunan “dammar” lakı, küknar lakı, rəssamlıq lakı, eləcə də yağlı durulaşdırıcı spesifik incəsənət materiallarının daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac potensialının reallaşdırılması olub.

Müzakirələr zamanı əldə olunan razılığa əsasən, rəssamlıq məhsullarının “Azexport” portalının dəstəyi ilə dünyanın aparıcı elektron ticarət platformaları olan “Amazon”, “Alibaba” və “eBay” vasitəsilə beynəlxalq bazarlara çıxarılması qərara alınıb. Artıq bu istiqamətdə konkret işlərin görülməsinə başlanılıb. Hazırda məhsulların qeyd olunan qlobal platformalarda qeydiyyatdan keçirilməsi, beynəlxalq logistika məsələlərinin həlli və məhsulların xarici alıcılara təqdimatı üçün müvafiq addımlar atılır.

Qeyd edək ki, bu məhsulların qlobal elektron ticarət şəbəkələrinə inteqrasiyası həm yerli istehsalın stimullaşdırılmasına, həm də Azərbaycanın qeyri-neft ixracı nomenklaturasının yeni, spesifik məhsullar hesabına şaxələndirilməsinə mühüm töhfə verəcək. Mütəmadi olaraq fərqli sektorların ixrac imkanlarını təhlil edən “Azexport” portalı yerli istehsalçıların qlobal dəyər zəncirinə qoşulması üçün hərtərəfli dəstəyini davam etdirir. Portalda qeydiyyat ödənişsizdir və satışlardan komissiya nəzərdə tutulmayıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az