İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı həyata keçirilən layihələr və proqramlar, innovasiya və startap ekosisteminin inkişafına yönəlmiş təşəbbüslər, eləcə də gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə İİTKM-in operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, layihə meneceri Aydan Hüseynzadə, 4SİM-in Layihələrin İdarə Olunması şöbəsinin əməkdaşları Aynur Cəvadiəsl və Məcid Mirzəyev iştirak ediblər.
Görüş zamanı “Enterprise Azerbaijan” portalının fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və startap ekosisteminin inkişafına yönəlmiş təşəbbüslər barədə məlumat verilib. İsa Qasımov portalın fəaliyyəti, mövcud layihələr və görülən işlər haqqında ətraflı təqdimatla çıxış edib.
Həmçinin “Enterprise Azerbaijan” tərəfindən həyata keçirilən “Startup School” layihələrinə, o cümlədən “Startup School 4: Beş qitə – 500 startap” layihəsinin icra vəziyyətinə və layihə çərçivəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb. Layihənin startapların inkişafına, onların beynəlxalq ekosistemə inteqrasiyasına və yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına verdiyi töhfə diqqətə çatdırılıb.
Görüşdə 4SİM-in nümayəndələri həyata keçirilən layihələr, proqramlar və hakatonlar barədə məlumat verilib, bu istiqamətdə görülən işlər və əldə olunan nəticələr haqqında fikir mübadiləsi aparılıb.
Tərəflər startap və innovasiya ekosisteminin inkişafı, yeni layihələrin həyata keçirilməsi və mövcud təşəbbüslər çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Gələcək layihələr üzrə əməkdaşlığın qurulması ilə bağlı ilkin razılıq əldə olunub.