01 sentyabr 2026, 12:05

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024–2026-cı illər üçün Fəaliyyət Planı”nın 2026-cı ilin birinci yarımili üzrə ilkin monitorinq və qiymətləndirilmə hesabatının müzakirəsi məqsədilə əsas icraçı qurumların nümayəndələri ilə görüş keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Təranə Salıfova Fəaliyyət Planının icra müddətinin 2026-cı ildə yekunlaşacağını nəzərə alaraq, cari il üzrə qarşıda duran vəzifələr, tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi, eləcə də dövrün sonuna monitorinq və qiymətləndirmənin aparılması üçün kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsinə dair yanaşmaları diqqətə çatdırıb.

Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Fariz Əliyev Fəaliyyət Planının ölkənin tranzit potensialının gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib, bu istiqamətdə gələcək perspektivlər barədə fikirlərini bölüşüb. O, Fəaliyyət Planının icrasının yekun mərhələsində nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə tam başa çatdırılmasının vacibliyini vurğulayaraq, bu məqsədlə aidiyyəti qurumlar arasında sıx və əlaqələndirilmiş əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Müzakirələr zamanı dövlət sərhədindən buraxılış məntəqələrinin, gömrük terminallarının, dəmir yolu və liman infrastrukturunun təkmilləşdirilməsi, tranzit daşımalar üzrə prosedurların sadələşdirilməsi və logistika imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib. İcra müddəti başa çatmış və ya 2026-cı ildə yekunlaşması nəzərdə tutulan bir sıra tədbirlər üzrə mövcud vəziyyət, işlərin davam etdirilməsi perspektivləri və nəticə indikatorlarının ölçülə bilən məlumatlar əsasında qiymətləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Fəaliyyət Planının icra müddətinin 2026-cı ildə yekunlaşacağı nəzərə alınaraq, ilin sonunadək nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin dəqiqləşdirilməsi, nəticələrin ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməsi və yekun monitorinq üçün zəruri məlumatların sistemləşdirilməsi məqsədəuyğun hesab olunub.

Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024–2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsini İİTKM həyata keçirir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az