31 avqust 2026, 16:45

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti Avrasiyanın dəyişən geoiqtisadi xəritəsi baxımından mühüm hadisədir. Təşkilatın 25 illik yubileyinə təsadüf edən Zirvə görüşü yalnız təhlükəsizlik və siyasi məsələlərin müzakirəsi ilə məhdudlaşmır. ŞƏT məkanında iqtisadi əlaqələrin, nəqliyyat-logistika dəhlizlərinin, enerji və rəqəmsal bağlantıların inkişafı üçün yeni imkanların formalaşması Azərbaycan və bütövlükdə Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov bildirir ki, ŞƏT artıq yalnız təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq platforması kimi qiymətləndirilə bilməz.

TDAM rəhbəri bildirib ki, Azərbaycan üçün ŞƏT-in əhəmiyyəti ilk növbədə təşkilatın əhatə etdiyi geniş iqtisadi və coğrafi məkanla bağlıdır. ŞƏT-in 10 üzv ölkəsinin – Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan, Pakistan, İran və Belarusun – ümumi iqtisadi gücü 2025-ci ildə təxminən 30 trilyon dollar səviyyəsinə çatıb. Bu göstərici ŞƏT-i yalnız təhlükəsizlik və siyasi dialoq platforması deyil, həm də böyük iqtisadi potensiala malik çoxtərəfli əməkdaşlıq məkanı kimi xarakterizə edir.

Azərbaycanın bu platformada dialoq tərəfdaşı kimi iştirakı ölkənin çoxşaxəli geoiqtisadi siyasətinin mühüm elementidir. Azərbaycanın 2015-ci ildə dialoq üzrə tərəfdaş statusu əldə etməsi, 2022-ci ildə Prezident İlham Əliyevin Səmərqənd sammitində iştirakı, 2024-cü ildə Astanada Azərbaycan–Çin strateji tərəfdaşlığının rəsmiləşdirilməsi və 2025-ci ildə dövlətimizin başçısının “ŞƏT Plyus” formatında çıxışı Bakı ilə bu platforma arasında əməkdaşlığın ardıcıl şəkildə genişləndiyini göstərir.

İlyas Hüseynov hesab edir ki, Bişkek sammitində Azərbaycan üçün əsas məsələlərdən biri ŞƏT məkanında formalaşan yeni nəqliyyat və iqtisadi bağlantıların ölkəmizin inkişaf strategiyası ilə uzlaşdırılmasıdır. Azərbaycanın məqsədi yalnız tranzit ölkə olmaq deyil, Avrasiyanın mühüm logistika, ticarət, enerji və rəqəmsal bağlantı mərkəzlərindən birinə çevrilməkdir. ŞƏT-in genişlənən iqtisadi coğrafiyası bu strategiya üçün əlavə imkanlar yaradır.

Xüsusilə Çin–Mərkəzi Asiya iqtisadi əlaqələrinin sürətli inkişafı Azərbaycanın maraqları baxımından diqqətəlayiqdir. 2025-ci ildə Çinlə Mərkəzi Asiyanın beş ölkəsi – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan arasında mal ticarətinin həcmi 106,3 milyard dollara çatıb. Bu, əvvəlki illə müqayisədə 12 faiz artım deməkdir və Çin–Mərkəzi Asiya ticarətinin ilk dəfə 100 milyard dollar həddini keçdiyini göstərir.

Bu rəqəm yalnız ticarət göstəricisi deyil, eyni zamanda regionda yeni nəqliyyat infrastrukturu və logistika xidmətlərinə artan tələbatın göstəricisidir. Çinlə Mərkəzi Asiya arasında ticarət genişləndikcə həmin yüklərin müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarılması məsələsi daha da aktuallaşır. Azərbaycanın üstünlüyü isə Xəzər dənizinin qərb sahilində yerləşməsi və Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat sisteminin mühüm hissəsinə malik olmasıdır.

Bu baxımdan Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Uzun müddət müzakirə olunan bu layihənin reallaşma mərhələsinə keçməsi Çinin Mərkəzi Asiyada nəqliyyat infrastrukturunun inkişafına uzunmüddətli marağını nümayiş etdirir. Layihənin ümumi dəyərinin təxminən 4,7 milyard dollar qiymətləndirilməsi və maliyyələşdirmə mexanizmlərinin formalaşdırılması onun regional miqyasını göstərir.

Dəmir yolu xətti istifadəyə verildikdən sonra Çin ilə Mərkəzi Asiya arasında yeni dəmir yolu bağlantısı yaranacaq. Daha mühüm məqam isə bu xəttin gələcəkdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna, yəni Orta Dəhlizə əlavə yük bazası formalaşdırmaq potensialıdır. Hazırda Çindən Orta Dəhlizə daxil olan yüklərin əsas istiqamətlərindən biri Qazaxıstan üzərindən Aktau və Kurık limanlarına, oradan isə Xəzər dənizi vasitəsilə Azərbaycana yönəlir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu isə Mərkəzi Asiyanın digər hissələrindən Xəzər istiqamətinə yeni bağlantı yarada bilər.

Bu, Azərbaycan üçün bir neçə istiqamətdə iqtisadi səmərə deməkdir. Əvvəla, tranzit yük həcmlərinin artması ölkənin nəqliyyat və logistika infrastrukturundan istifadəni genişləndirə bilər. İkincisi, liman, dəmir yolu və avtomobil nəqliyyatı ilə yanaşı, anbar, sığorta, gömrük, maliyyə və digər xidmətlərə tələbat yüksələ bilər. Üçüncüsü, yeni yük axınları Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini möhkəmləndirə və ölkədə əlavə dəyərin formalaşmasına şərait yarada bilər. Azərbaycan artıq Orta Dəhlizdə real yük axınlarının mühüm iştirakçısına çevrilib. Burada mühüm məqam ondan ibarətdir ki, Orta Dəhlizin iqtisadi səmərəsi yalnız tranzit daşımalarının həcmi ilə ölçülməməlidir. Dəhliz ətrafında logistika mərkəzlərinin, sənaye və ticarət zonalarının, anbar komplekslərinin, maliyyə və sığorta xidmətlərinin inkişafı daha geniş iqtisadi effekt yarada bilər. Azərbaycan üçün əsas hədəf də məhz tranzit imkanlarını daha yüksək əlavə dəyər yaradan iqtisadi fəaliyyətə çevirməkdir. Bu proses Türk dünyası üçün də mühüm perspektivlər açır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə arasında nəqliyyat bağlantılarının güclənməsi Şərqlə Qərb arasında vahid iqtisadi zəncirin formalaşmasına imkan verir. Mərkəzi Asiyada istehsal olunan məhsulların Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına çıxarılması, eyni zamanda Çin məhsullarının həmin marşrutla daşınması bir neçə ölkənin iqtisadiyyatında əlavə dəyər yarada bilər. Bu baxımdan Türk dünyası üçün əsas məsələ yalnız tranzit gəlirlərini artırmaq deyil. Nəqliyyat dəhlizləri regional istehsal və təchizat zəncirlərinin formalaşmasına xidmət etməlidir. Məhsulun daşınması ilə yanaşı, onun qablaşdırılması, çeşidlənməsi, saxlanılması, sığortalanması, maliyyələşdirilməsi və gömrük rəsmiləşdirilməsi də yeni iqtisadi fəaliyyət sahələri yaradır. Beləliklə, Orta Dəhliz Türk dünyasının iqtisadi inteqrasiyasını dərinləşdirən platformaya çevrilə bilər.

ŞƏT-in fəaliyyəti enerji əməkdaşlığı baxımından da Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycanın enerji infrastrukturu və Xəzər regionundakı mövqeyi ölkəmizə Avrasiyanın enerji bağlantılarında mühüm rol oynamaq imkanı verir. Gələcəkdə ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji, elektrik enerjisinin ötürülməsi və yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi mümkündür. Bu, Azərbaycanın enerji tranziti ilə yanaşı, yeni enerji sistemlərinin bağlantı mərkəzinə çevrilməsinə şərait yarada bilər.

Digər mühüm istiqamət rəqəmsal bağlantılardır. Müasir nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyəti artıq yalnız dəmir yolu, liman və avtomobil yollarının buraxılış qabiliyyəti ilə müəyyən edilmir. Gömrük prosedurlarının rəqəmsallaşdırılması, elektron sənədləşmə, yükün real vaxt rejimində izlənilməsi və sərhəd prosedurlarının sürətləndirilməsi də logistikanın səmərəliliyinə birbaşa təsir göstərir. Çin–Mərkəzi Asiya–Azərbaycan–Türkiyə marşrutunda rəqəmsal logistika mexanizmlərinin genişləndirilməsi gələcəkdə həm vaxt, həm də əməliyyat xərclərinin azalmasına səbəb ola bilər.

ŞƏT-in Bişkek sammitinin Türk dünyası üçün uzunmüddətli əhəmiyyəti məhz bu iqtisadi bağlantıların gücləndirilməsindədir. ŞƏT və Türk Dövlətləri Təşkilatının gündəliklərində nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat, ticarət və investisiya sahələrində  genişmiqyaslı uzlaşma imkanları mövcuddur. Bu iki məkan arasında iqtisadi dialoqun genişlənməsi Türk dünyasının Mərkəzi Asiya ilə Cənubi Qafqaz, Türkiyə və Avropa arasındakı iqtisadi əlaqələrdə rolunu daha da artırar.

Azərbaycan üçün əsas məqsəd isə bu imkanları konkret iqtisadi nəticələrə çevirməkdir. Bunun üçün Ələt limanı, dəmir yolları, avtomobil yolları, Ələt Azad İqtisadi Zonası, Zəngəzur istiqaməti, rəqəmsal logistika və enerji infrastrukturu vahid iqtisadi strategiyanın bir-birini tamamlayan elementləri kimi inkişaf etdirilməlidir.

TDAM rəhbəri hesab edir ki, Bişkek sammiti Azərbaycanın ŞƏT məkanında iqtisadi və nəqliyyat imkanlarını daha da genişləndirməsi üçün mühüm platformadır. Qarşıdakı mərhələdə əsas məsələ artan ticarət və yük axınlarından maksimum iqtisadi fayda əldə etmək, yeni investisiyaları cəlb etmək və nəqliyyat dəhlizləri ətrafında yüksək əlavə dəyər yaradan istehsal və xidmət sahələrini inkişaf etdirməkdir.

Bu baxımdan ŞƏT-in genişlənən iqtisadi coğrafiyası, Çinin Mərkəzi Asiyadakı artan fəallığı və Türk dövlətləri arasında inteqrasiya proseslərinin dərinləşməsi Azərbaycanın geoiqtisadi mövqeyini daha da gücləndirən amillərdir. Azərbaycan bu proseslərdə yalnız tranzit - qovşaq deyil, Çin, Mərkəzi Asiya, Xəzər regionu, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında iqtisadi bağlantıları birləşdirən regional platforma kimi mövqeyini möhkəmləndirə bilər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az