27 avqust 2026, 17:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Qanun Azərbaycanda balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun və akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov bildirib ki, yeni Qanun balıqçılıq və akvakultura sahəsində idarəetmənin daha sistemli, dayanıqlı və iqtisadi nəticələrə yönəlmiş hüquqi çərçivədə qurulmasına xidmət edir. Onun sözlərinə görə, sənədin əsas mahiyyəti balıq və digər su bioresurslarından istifadənin tənzimlənməsi, akvakultura fəaliyyətinin hüquqi əsaslarının dəqiqləşdirilməsi, balıq ehtiyatlarının qorunması, ov və dövriyyə proseslərinə nəzarətin gücləndirilməsi, eləcə də sektorda istehsal və ixrac imkanlarının genişləndirilməsi ilə bağlıdır.

Ə.Dadaşov qeyd edib ki, balıqçılıq yalnız ov fəaliyyəti kimi deyil, su bioresurslarının artırılması, mühafizəsi, akvakultura, emal, logistika və ticarət dövriyyəsini əhatə edən daha geniş iqtisadi fəaliyyət sahəsi kimi formalaşır. Bu baxımdan Qanun balıqçılıq subyektlərinin, balıqçılıq obyektlərinin, vətəgə sahələrinin, balıqçı gəmilərinin, ov alətlərinin, akvakultura təsərrüfatlarının və balıq məhsullarının dövriyyəsinin vahid hüquqi çərçivədə tənzimlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Qanunda dayanıqlı istehsal metodlarının və innovativ texnologiyaların təşviqi, daxili bazar tələbatının ödənilməsi, ixrac potensialının artırılması, yerli istehsalın stimullaşdırılması, akvakulturanın ekoloji, iqtisadi və sosial baxımdan dayanıqlı inkişafı, balıq və digər su bioresursları ehtiyatının tükənməsinin qarşısının alınması, habelə idarəetmənin rəqəmsallaşdırılması məsələləri tənzimlənir.

Ə.Dadaşov bildirib ki, yeni Qanun “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ilə birbaşa uzlaşır. Dövlət Proqramında balıqçılıq və akvakultura sahələrinin inkişafı ayrıca məqsəd kimi müəyyən edilib, bu sahədə dayanıqlı istehsal və bazar potensialının gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi göstərilib. Qanunun qəbulu həmin hədəflərin icrası üçün hüquqi və institusional bazanı gücləndirir.

“Balıqçılıq haqqında” Qanunun tətbiqi ilə bağlı imzalanmış Fərman balıqçılıq sahəsində rəqəmsal idarəetmə və izləniləbilənlik mexanizmlərinin gücləndirilməsini də nəzərdə tutur. Fərmana əsasən, “Elektron kənd təsərrüfatı” informasiya sisteminin “balıqçılıq” altsistemi bu sahədə əsas rəqəmsal platformalardan biri kimi müəyyən edilib. Balıqçılıq subyektləri və obyektləri, balıqçılıq infrastrukturu, balıq ovu alətləri, balıqçı gəmiləri və idarəetmə üçün zəruri olan digər məlumatların informasiya sistemində toplanması sahədə şəffaflığı və operativ nəzarəti artıracaq.

Ə.Dadaşov bildirib ki, Qanun balıq ehtiyatlarının qorunması və ekoloji balansın saxlanılması baxımından da mühüm əhəmiyyət daşıyır. Balıq ovunun kvotalar əsasında tənzimlənməsi, qadağan olunmuş ov alətlərindən istifadəyə yol verilməməsi, qiymətli və mühafizə olunan balıq növləri üzrə xüsusi rejimlərin tətbiqi, su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında ekoloji tələblərin müəyyənləşdirilməsi balıq və digər su bioresurslarının dayanıqlı idarə olunmasına xidmət edir.

Onun sözlərinə görə, Qanunun iqtisadi tənzimləmə ilə bağlı müddəaları da sektorun inkişafı üçün vacibdir. Balıq və digər su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondunun yaradılması, habelə balıqçılığın elmi təminatının maliyyələşdirilməsi, məqsədli investisiya, subsidiya, güzəştli kredit və digər dövlət dəstəyi tədbirlərinin nəzərdə tutulması bu sahədə yerli istehsalın və sahibkarlıq fəallığının artırılmasına şərait yarada bilər.

Beləliklə, yeni Qanun balıqçılıq və akvakultura sahəsində hüquqi tənzimləmə, ekoloji dayanıqlılıq, rəqəmsal nəzarət və iqtisadi stimullaşdırma mexanizmlərini vahid çərçivədə birləşdirir. Bu baxımdan sənəd Dövlət Proqramında nəzərdə tutulan balıqçılıq və akvakultura sahələrinin inkişafı, istehsal və ixrac potensialının artırılması, eləcə də daxili bazarın yerli balıq məhsulları ilə təminatının gücləndirilməsi hədəflərinə mühüm töhfə verəcək.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az