Uzunmüddətli tarixi-mədəni əlaqələrə malik Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksələn xətlə dinamik inkişaf edir. Həm də iki ölkə arasında münasibətlərin şaxələnməsi, daha geniş sahələri əhatə etməsi dövlət başçılarının dostluq münasibətlərindən, xalqlarımızın tarixi köklərə bağlılığından yaranan reallıqlardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə də vurğulandığı kimi, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 795 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə üç dəfədən çox artım deməkdir. O cümlədən, ticarət dövriyyəsində müsbət dinamika 2026-cı ildə də davam etməkdədir. Eyni zamanda, 2024-cü ildə 500 milyon dollar məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin reallaşdırılmasına əhəmiyyətli töhfələr verməkdədir. Dövlət başçısının Özbəkistana səfəri zamanı, eləcə də UzA-ya verdiyi müsahibə zamanı səsləndirilən fikirlərdən də aydın olur ki, ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən birini nəqliyyat-tranzit-logistika məsələləri təşkil edir. Bununla bağlı fikirlərini bölüşən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, Azərbaycan–Özbəkistan münasibətləri son illərdə siyasi və iqtisadi əməkdaşlıqdan daha geniş məzmun alaraq, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən nəqliyyat-tranzit-logistika tərəfdaşlığı istiqamətində inkişaf edir. Aydındır ki, nəqliyyat əlaqələri sosial-iqtisadi və s. münasibətləri reallaşdıran vasitədir və dövlət başçılarının qarşılıqlı səfərlərindən, aparılan müzakirələrdən, imzalanan sənədlərdən də görünür ki, iki ölkə arasında münasibətlər daha uzunmüddətli və geniş çeşidlidir. Ali Dövlətlərarası Şuranın üçüncü iclası çərçivəsində “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması da bunu bir daha təsdiq edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı mətbuata bəyanatla çıxışında səsləndirdiyi: “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır” fikirlər ikitərəfli münasibətlərin miqyasını ifadə etməklə yanaşı, həm də bu münasibətlərə verilən əhəmiyyətin bir daha təsdiqidir.
Nəqliyyat əlaqələrinin genişlənməsi artıq yükdaşımaları üzrə göstəricilərdə də özünü göstərir. 2024-cü ildə Azərbaycan–Özbəkistan arasında tranzit daşımalarının həcmi əvvəlki illə müqayisədə 18 faizdən çox artaraq 1.3 milyon tondan yuxarı olub. 2025-ci ildə də müsbət dinamika davam edib və iki ölkə arasında tranzit daşımaların həcmində 6.7%-ə yaxın artım əldə edilib. Bütün bunlar nəqliyyat əlaqələrinin sadəcə potensial xarakter daşımadığını, real yük axınlarının formalaşdığını göstərir. Əlbəttə, nəqliyyat-tranzit-logistika əlaqələri həm ölkələrin coğrafi mövqeyindən, həm də müasir qlobal reallıqlardan irəli gələn əsas çağırışlardandır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuata bəyanatı zamanı qeyd etdiyi: “Əməkdaşlığın daha bir mühüm istiqaməti nəqliyyat-tranzit sahəsidir. Trans-Xəzər dəhlizinin potensialını birlikdə inkişaf etdirəcək, logistika infrastrukturunun səmərəliliyini artıracaq, daşımaları stimullaşdıracağıq” fikirləri də hər iki tərəf üçün nəqliyyat əlaqələrinin prioritetliyini bir daha təsdiq edir.
Aqil Əsədovun fikrincə, nəqliyyat sahəsində əməkdaşlığın əsas strateji dayaqlarından biri hər iki ölkənin Orta Dəhlizdə – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakıdır. Azərbaycan Xəzərin qərb sahilində yerləşən tranzit HUB kimi Özbəkistanın Mərkəzi Asiya bazarlarını Qafqaz, Türkiyə və Avropa ilə əlaqələndirən mühüm qovşaq rolunu oynayır. Bu mənada, Özbəkistan üçün Orta Dəhlizin əhəmiyyəti, onun Mərkəzi Asiyanın dənizə birbaşa çıxışı olmayan ölkəsi kimi, alternativ beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirməsi ilə bağlıdır. Azərbaycan üçün isə Özbəkistan Mərkəzi Asiyadan gələn yük axınlarının formalaşdığı mühüm iqtisadi mərkəzlərdən biridir. Beləliklə, iki ölkənin coğrafi mövqeyi rəqabətdən çox tamamlayıcı xarakter daşıyır ki, bu da əməkdaşlıq üçün daha münbit şərait yaradır. 2025-ci ilin yanvarında Azərbaycan, Özbəkistan və Türkiyə arasında keçirilmiş üçtərəfli görüşün Ankara Bəyannaməsində də Orta Dəhlizin əhəmiyyəti xüsusi vurğulanıb, nəqliyyat infrastrukturunun inkişafı, rəqəmsallaşma, gömrük prosedurlarının sadələşdirilməsi və sərhəd keçidlərinin səmərəliliyinin artırılması üzrə əməkdaşlığın davam etdirilməsi razılaşdırılıb. Bütün bunlar nəqliyyat-tranzit-logistika münasibətlərinin inkişafının hər zaman aktual olduğunu ifadə edir.
Özbəkistan → Qazaxıstan/Türkmənistan → Xəzər dənizi → Bakı Limanı → BTQ → Türkiyə → Avropa xətti üçün dəmir yolu nəqliyyatı ən perspektivli istiqamətlərdən biridir. Özbəkistanın dəmir yolu sistemi Mərkəzi Asiyanın daxili yük axınlarını formalaşdırarkən, Azərbaycan tərəfdə Bakı Limanı və Bakı–Tbilisi–Qars xətti həmin yüklərin Avropa istiqamətinə çıxışını təmin edir. Onu da qeyd edək ki, bu marşrutun əsas üstünlüyü müxtəlif nəqliyyat növlərinin vahid logistika zəncirində birləşdirilməsidir. Gələcəkdə isə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhlizlə əlaqələndirilməsi Özbəkistanın Azərbaycan üzərindən Avropa bazarlarına çıxışını daha da genişləndirə bilər. Bu halda Azərbaycan–Özbəkistan əlaqələri yalnız ikitərəfli daşımalar deyil, daha geniş Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Avropa logistika sisteminin mühüm hissəsinə çevriləcək.
Şöbə müdirinin fikrincə, müasir çağırışlara uyğun olaraq, Azərbaycan–Özbəkistan nəqliyyat əməkdaşlığında rəqəmsallaşma, elektronlaşdırma xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, rəqəmsallaşma xərcləri azaldır, intensivliyi artırır, məlumat mübadiləsini və icazələrin verilməsini sürətləndirir, daşıyıcılar üçün inzibati yükü azaldır, tranzit proseslərinin şəffaflığını artırır və s. 2025-ci ildə Azərbaycan-Özbəkistan beynəlxalq avtomobil yükdaşımalarında elektron “İcazə” blanklarına tam keçid barədə razılığa gəliblər. İlk sınaq daşımaları 2025-ci ildə həyata keçirilib və elektron icazələrin mübadiləsi üzrə texniki imkanlar formalaşdırılıb. Üçtərəfli Azərbaycan–Türkiyə–Özbəkistan əməkdaşlığı çərçivəsində isə e-CMR və e-Permit kimi rəqəmsal həllərin tətbiqi təmin edilməkdədir ki, bu da regional nəqliyyat sistemlərinin inteqrasiyası baxımından mühüm addımdır.
Aqil Əsədov bildirib ki, Azərbaycan–Özbəkistan əməkdaşlığının perspektiv istiqamətlərindən biri də birgə logistika mərkəzlərinin yaradılmasıdır. Artıq ölkələrimiz arasında imzalanmış sənədlər, qarşılıqlı investisiya qoyuluşları buna tam əsas verir, eyni zamanda da yük axınlarının artımı, əlverişli coğrafi mövqe bunu zəruri edir. Şübhəsiz ki, belə mərkəzlər, yalnız yüklərin saxlanılması və çeşidlənməsi funksiyasını yerinə yetirməməli, həm də gömrük, sığorta, ekspeditorluq, konsolidasiya, elektron sənədləşmə və multimodal daşımaların idarə edilməsi xidmətlərini də özündə birləşdirməlidir. Nəzərə alsaq ki, yaradılacaq Azərbaycan–Özbəkistan logistika mərkəzi Özbəkistan şirkətlərinin Azərbaycan və Avropa bazarlarına çıxışını asanlaşdıra, eyni zamanda Azərbaycan şirkətlərinin Mərkəzi Asiya bazarlarında iştirakını genişləndirə bilər, onda belə mərkəzlərin yaradılması həm də ikitərəfli münasibətlərdən irəli gələn zərurət kimi də dəyərləndirilə bilər.
Beləliklə, 2030-cu ilə qədər Azərbaycan-Özbəkistan ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasının hədəflənməsi, Özbəkistanda çoxsaylı Azərbaycan şirkətlərinin fəaliyyətə başlaması, Azərbaycanda Özbəkistan investisiyalı layihələrin reallaşdırılması, paralel olaraq Çin-Avropa yük axınlarında müşahidə edilən dinamika nəqliyyat-tranzit-logistika məsələlərini daimi diqqətdə saxlamağı, mütəmadi təkmilləşdirməyi və xüsusilə Orta Dəhliz üzərindən daşımaların daha da çevikləşdirilməsini zəruri edir. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin də yaxın gələcəkdə Orta Dəhlizin mühüm komponentinə çevrilməsi artıq reallıqdır, onda nəqliyyat-tranzit-logistika əlaqələrinin əhəmiyyəti daha da aydın olar. Zəngəzur dəhlizi yalnız yüklərin lazımi bazarlara çatdırılması baxımından deyil, bütün Türk dünyasını birləşdirən bir layihə kimi də aktualdır. Hər iki ölkənin nəqliyyat-tranzit-logistika məsələlərinə yanaşmalarında, həm də bunun nəzərə alınması zəruridir. Bütün hallarda isə, nəqliyyat əlaqələrinin ölkələrin büdcəsinə, iqtisadiyyatına, ümumilikdə qarşılıqlı münasibətlərinə müsbət mənada ciddi təsir edəcəyi danılmaz reallıqdır.