İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (ADİİXİ Hİ) Respublika Birliyinin rəhbərliyi ilə görüş keçirilib.
İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn qonaqlara Mərkəzin 10 illik fəaliyyəti, əldə etdiyi nailiyyətlər və əməkdaşlar üçün yaradılan iş şəraiti barədə məlumat verib.
ADİİXİ Hİ-nin sədri Hikmət Nəbiyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, əsas prioritetləri və həyata keçirilən islahatlar haqqında məlumat verib. Qeyd olunub ki, həmkarlar ittifaqı əmək münasibətlərinin inkişafına, üzvlərin sosial-iqtisadi və əmək hüquqlarının müdafiəsinə, onların maraqlarının təmin olunmasına, eləcə də əməkdaşların sosial rifahının və peşəkar inkişaf imkanlarının artırılmasına yönəlmiş fəaliyyət həyata keçirir.
Bildirilib ki, ADİİXİ Hİ öz ətrafında dövlət qulluqçularını, hüquq-mühafizə və müdafiə sistemində çalışan mülki işçiləri, həmçinin bir sıra bank və xidmət sahələrində fəaliyyət göstərən həmkarlar ittifaqı üzvlərini birləşdirir. Görüş iştirakçılarına həmkarlar ittifaqının yaranma tarixi, fəaliyyət istiqamətləri, üzvlər üçün yaratdığı imkanlar və həyata keçirdiyi sosialyönümlü layihələr barədə videoçarx nümayiş etdirilib.
Daha sonra ADİİXİ Hİ sədrinin birinci müavini Cəmaləddin Quliyev və Təşkilati işlər və məlumat şöbəsinin müdiri Firənginaz Ağayeva İİTKM əməkdaşlarının suallarını cavablandırıblar. Sual-cavab sessiyasında həmkarlar ittifaqına üzvlüyün üstünlükləri, üzvlər üçün nəzərdə tutulan sosial imkanlar, müxtəlif tədbir və layihələrdə iştirak, əməkdaşların hüquq və maraqlarının müdafiəsi, eləcə də digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.