Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Dövlət Proqramının əsas məqsədləri turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmə və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, eləcə də effektiv brendinq və marketinq fəaliyyətinin təşkilidir.
Sənəddə turizm sektorunun inkişafının stimullaşdırılması məqsədilə bir sıra institusional və iqtisadi tədbirlər də müəyyənləşdirilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi, turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi və Dövlət Proqramında nəzərdə tutulan subsidiya şərtlərinə dair təkliflərin hazırlanması tapşırılıb.
Eyni zamanda, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini üç ay müddətində hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə birlikdə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görəcək.
Dövlət Proqramının icrasının əlaqələndirilməsi və icrasına nəzarət Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək, görülmüş tədbirlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim olunacaq.