Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması və dövlət başçısının Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi strateji hədəflər regionun iqtisadi inkişafının yeni mərhəyə keçidindən xəbər verir. İcra edilən layihələr Naxçıvanın qlobal ticarətə daha dərindən inteqrasiyası, sənayeləşmə prosesinin sürətləndirilməsi və beynəlxalq tranzit potensialının genişləndirilməsi baxımından müstəsna dəyərə malikdir. Yaranmış yeni iqtisadi reallıqlar Naxçıvanı Şərqlə Qərbi qovuşduran nəhəng istehsal və logistika mərkəzi kimi ön plana çıxarır.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı bir dövrdə Zəngəzur dəhlizi ilə bağlı irəli sürülən yeni təşəbbüslər Naxçıvanın geoiqtisadi əhəmiyyətini kökündən dəyişməklə yerli istehsalçılarımız və xarici investorlar üçün böyük üstünlüklər vəd edir. Bu islahatlara yalnız regional inkişaf proqramı kimi deyil, Naxçıvanın Şərqlə Qərbi birləşdirən nəhəng tranzit, istehsal və rəqəmsal mərkəzə çevrilməsi vizyonu kimi yanaşılmalıdır. Bu strateji baxışın fəlsəfəsində dayanan ən mühüm məqam ondan ibarətdir ki, bu, adi bir tranzit yolu deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının Naxçıvanla inteqrasiyasını təmin edən, həmin bölgələrin iqtisadi gücünün artırılmasına və daha da genişlənməsinə xidmət edən müstəsna əhəmiyyətli bir marşrutdur. Səfər çərçivəsində təməli qoyulan 310 hektarlıq Naxçıvan Sənaye Parkının Sədərək avtomobil yolunun cənubunda yerləşməsi isə formalaşan bu böyük iqtisadi potensialın Türkiyə bazarlarına və oradan qlobal logistik marşrutlara birbaşa çıxışını təmin edəcək.
A.Qədəşov qeyd edib ki, nəzərdə tutulan infrastruktur layihələri logistik səmərəliliyin artırılmasında həlledici rol oynayacaq. Zəngəzur dəhlizi sadəcə regional yol deyil, Pakistana və Çinə qədər uzanan Şərq və Qərb ticarət xəttinin əsas qovşağıdır. Dövlət başçısının da vurğuladığı kimi, mövcud dəmir yolunun 1,5 milyon tonluq yükaşırma qabiliyyətinin qısa zamanda 15 milyon tona çatdırılması, habelə Ordubad və Sədərək ərazilərindəki çatışmayan hissələrin Azərbaycanın öz vəsaiti hesabına bərpası Naxçıvanı qitələrarası tranzit mərkəzinə çevirəcək.
Hazırda işğaldan azad olunan ərazilərimizdə minlərlə hektar sahədə müasir və intensiv bağlar salınır. Dəhlizin işə düşməsi ilə ölkəmizin qərb bölgələrində və azad edilmiş ərazilərdə yetişdirilən aqrar xammalın sürətli və sərfəli şəkildə Naxçıvana daşınması təmin ediləcək. Nəticədə, Naxçıvan sadəcə tranzit nöqtəsi deyil, bu xammalın qəbul edilib sənaye məhsuluna çevrildiyi nəhəng dərin emal mərkəzi kimi fəaliyyət göstərəcək. Burada istehsal olunan yüksək əlavə dəyərli məhsullar isə qardaş Türkiyə ərazisindən keçməklə daha sürətlə və minimal logistika xərci ilə Dünya okeanına, yəni Avropa və Amerika bazarlarına çıxarılacaq.
Portal rəhbəri qeyd edib ki, bu mürəkkəb istehsal və ixrac əməliyyatlarının reallaşması üçün dövlət sahibkara zəncirvari dəstək mexanizmi təqdim edir. Məsələn, sahibkar Naxçıvan Sənaye Parkında dərin emal müəssisəsi qurmaq istəyir. İlk mərhələdə o, müasir texnologiyaları və avadanlıqları ölkəyə gətirərkən Vergi Məcəlləsinin və gömrük qanunvericiliyinin tənzimləmələrinə əsasən, idxal rüsumlarından və ƏDV-dən tam azad olunur. Bununla yanaşı, Aqrar Subsidiya Şurasının müvafiq qərarlarına əsasən, innovativ aqrar-sənaye və dərin emal avadanlıqlarının alınması birbaşa dövlət tərəfindən subsidiyalaşdırılır. Bütün bu maliyyə güzəştləri ilə bərabər, dövlət sahibkarı su, qaz, işıq, rabitə və yol şəbəkəsi ilə tam təchiz olunmuş hazır infrastrukturla təmin edir. İstehsal prosesi başladıqda isə müəssisə 10 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən tam azad edilir ki, bu da istehsalın maya dəyərini kəskin şəkildə azaldır.
Hazır məhsul istehsal xəttindən çıxdıqdan sonra onun Qərb bazarlarına, xüsusilə Avropa və ABŞ-a daxil ola bilməsi üçün tələb olunan beynəlxalq sertifikatların (məsələn, “ISO”, “GlobalGAP” və s.) alınması prosesi başlayır. Bu zaman dövlət başçısının 5 oktyabr 2016-cı il tarixli 1063 nömrəli Fərmanına əsasən, sertifikatlaşdırma xərcləri dövlət tərəfindən qarşılanır. Keyfiyyət təsdiqləndikdən sonra növbəti həlledici addım xarici bazara çıxışdır. Məhz bu mərhələdə “Azexport.az” portalı istehsalçılara qlobal miqyasda potensial müştərilərin və etibarlı tərəfdaşların tapılmasına, rəqəmsal satış kanallarının qurulmasına birbaşa dəstək göstərir.
Müştəri tapıldıqdan sonra isə ixracatçının qarşısındakı ən böyük məsələ olan logistika xərcləri isə dövlət tərəfindən həllini tapır. Belə ki, cənab Prezidentin imzaladığı və 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək Fərmana əsasən, nəqliyyat dəstəyi həm beynəlxalq, həm də daxili bazarlara daşımaları əhatə edir. Yeni mexanizmə uyğun olaraq, xarici ölkələrə ixrac edilən qeyri-neft mallarının nəqliyyat xərclərinin 70 faizədək olan hissəsi dövlət büdcəsi hesabına kompensasiya edilir. Fərmanda Naxçıvan üçün xüsusi alət də nəzərdə tutulub. Belə ki, Naxçıvanda istehsal edilərək quru yolu ilə ölkənin digər ərazilərinə daşınan məhsulların da nəqliyyat xərclərinin 70 faizi birbaşa dövlət tərəfindən ödənilir. Yaradılmış bu əlverişli biznes mühiti Naxçıvanın nəqliyyat qovşaqlarına yaxınlığı və tranzit üstünlükləri ilə birləşərək, formalaşan bu zəncirvari dövlət dəstəyi sayəsində istehsalçılarımız üçün həm daxili, həm də beynəlxalq bazarlara maneəsiz və sürətli çıxış imkanı yaradır.
Ayxan Qədəşov vurğulayıb ki, formalaşan əlverişli investisiya iqliminin ən diqqətçəkən tərəflərindən biri də enerji potensialının regiondakı logistik və sənaye imkanları ilə vahid nöqtədə qovuşmasıdır. Naxçıvanda tamamilə unikal bir iqtisadi və rəqəmsal ekosistem formalaşır. Bir tərəfdən, Zəngəzur dəhlizi Asiya ilə Avropa və Amerikanı birləşdirən qlobal tranzit xəttinə çevrilir. Digər tərəfdən, məhz bu marşrut üzərində tətbiq edilən geniş dövlət dəstəyi hesabına nəhəng dərin emal və istehsal klasterləri qurulur. Mərkəzdə isə bütün bu beynəlxalq əməliyyatları bəsləyən nəhəng bir resurs, yəni Naxçıvanın elektrik enerjisi ilə tam sığortalanması və tələbatı üstələyən 200 meqavatlıq generasiya gücü dayanır. Belə bir miqyasda həyata keçirilən qlobal ticarət, logistika və istehsal prosesləri özlüyündə nəhəng məlumat bazalarının davamlı emalını zəruri edir. Süni intellekt texnologiyalarının və qlobal məlumat mərkəzlərinin böyük enerji tələb etdiyi müasir dövrdə bu cür bol enerji beynəlxalq texnologiya nəhənglərini öz rəqəmsal infrastrukturunu birbaşa bu dəhliz üzərində qurmağa təşviq edəcək.
Beləliklə, Naxçıvan sadəcə fiziki yüklərin və məhsulların daşındığı tranzit nöqtəsi deyil, logistika, istehsal və qabaqcıl texnologiyaların vahid məkanda cəmləşdiyi, rəqəmsal xidmətlərin ixrac olunduğu qlobal ekosistemə çevrilir.