14 avqust 2026, 11:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Qanun toxumun istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarət dövriyyəsi, idxalı və ixracı, sertifikatlaşdırılması və keyfiyyətinə nəzarət üzrə münasibətləri tənzimləməklə aqrar sahədə hüquqi, institusional və keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov bildirib ki, toxum bitkiçilik məhsulları istehsalında əsas başlanğıc amillərdən biri olmaqla məhsuldarlığa, məhsulun keyfiyyətinə və fermerlərin istehsal nəticələrinə birbaşa təsir göstərir. Bu sahədə sertifikatlaşdırma, izləniləbilənlik və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi bütövlükdə aqrar istehsal zəncirinin səmərəliliyini artırır. O, qeyd edib ki, Qanun toxumun yalnız istehsal mərhələsini deyil, tarla nəzarəti, laboratoriya müayinəsi, sertifikatlaşdırma, ticarət dövriyyəsi və bazar nəzarəti də daxil olmaqla onun dövriyyəsinin bütün həlqələrini tənzimləyir.

Qanunun mühüm tərəflərindən biri toxumçuluq sahəsində dövlət tənzimləməsinin, qeydiyyat və keyfiyyət tələblərinin konkret maddə və müddəalarda müəyyənləşdirilməsidir. Sənəddə toxumların keyfiyyəti və sertifikatlaşdırılması üzrə tələblərin müəyyənləşdirilməsi, toxumçuluq obyekt və subyektlərinin qeydiyyata alınması, dövlət toxum ehtiyatı fondlarının yaradılması, toxumların sortluq və səpin keyfiyyətlərinin müəyyən edilməsi, tarla nəzarətinin aparılması və toxumçuluq fəaliyyətinin izlənilməsi kimi istiqamətlər nəzərdə tutulur. Bu isə bazarda keyfiyyətsiz və sertifikatsız toxum dövriyyəsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

O, bildirib ki, Qanunda seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatının, yəni Reyestrin və onun altsisteminin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Toxum əməliyyatçılarının qeydiyyatının elektron qaydada aparılması, toxumun sertifikatlaşdırılması və sahə üzrə məlumatların rəqəmsal əsasda toplanması idarəetmənin şəffaflığını və operativliyini artıracaq.

Yeni Qanun həm də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ilə uzlaşır. Dövlət Proqramının 8.1.4-cü fəaliyyət istiqamətində toxumçuluq və damazlıq potensialının inkişaf etdirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Xüsusilə bu tədbir çərçivəsində toxumçuluğun və tingçiliyin inkişafı üzrə hüquqi, institusional və dəstək tədbirlərinin hazırlanması və icrası nəzərdə tutulur. Bu baxımdan Qanun toxumçuluq subyektlərinin qeydiyyatı, toxumların sertifikatlaşdırılması, idxal və ixrac əməliyyatlarında keyfiyyət tələblərinin müəyyənləşdirilməsi, toxum bazarının izlənilməsi və risk əsaslı nəzarət mexanizmlərinin tətbiqi üçün hüquqi əsasları gücləndirir.

Qanunun digər mühüm istiqaməti toxumçuluğa dövlət dəstəyinin hüquqi əsaslarının müəyyən edilməsidir. Yerli toxumların istehsalı və satışı üçün subsidiyaların verilməsi, toxumçuluq sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə güzəştli kreditlərin ayrılması, toxumluq əkinlərin sığortalanması üzrə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi və digər iqtisadi təşviq alətləri bu sahədə yerli istehsalın genişlənməsinə şərait yarada bilər. Bu yanaşma idxaldan asılılığın mərhələli şəkildə azaldılması və yerli toxum istehsalının rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətlidir.

Ə.Dadaşov qeyd edib ki, toxumçuluq sahəsində keyfiyyətə nəzarətin gücləndirilməsi kənd təsərrüfatında məhsuldarlığın artırılması ilə yanaşı, fermerlərin istehsal risklərinin azaldılmasına da xidmət edir. Keyfiyyətsiz və rayonlaşdırılmamış toxumlardan istifadə məhsuldarlığın aşağı düşməsi, xəstəliklərin yayılması və istehsal xərclərinin artması kimi risklər yarada bilər. Yeni hüquqi mexanizm isə sertifikatlaşdırılmış, sortluq və səpin keyfiyyətləri təsdiqlənmiş toxumların dövriyyəsini təşviq etməklə bu risklərin azaldılmasına imkan verəcək.

Qanunda dövlət toxum ehtiyatı fondlarının yaradılması ilə bağlı müddəalar ərzaq təhlükəsizliyi baxımından da mühüm əhəmiyyətə malikdir. Təbii fəlakətlər, fövqəladə hallar və digər risklər zamanı toxum ehtiyatlarının mövcudluğu kənd təsərrüfatı istehsalının davamlılığını qorumağa imkan verə bilər. Bu baxımdan toxum ehtiyatlarının formalaşdırılması yalnız aqrar istehsalın deyil, həm də strateji ərzaq təminatının dayanıqlılığını gücləndirən mexanizm kimi çıxış edir.

“Toxumçuluq haqqında” Qanun aqrar sahədə keyfiyyətli toxum təminatının yaxşılaşdırılmasına, yerli toxum istehsalının inkişafına, sertifikatlaşdırma və rəqəmsal nəzarət mexanizmlərinin gücləndirilməsinə, eləcə də Dövlət Proqramında toxumçuluq və seleksiya potensialının artırılması ilə bağlı hədəflərə nail olunmasına mühüm töhfə verəcək.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az