07 avqust 2026, 12:50

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasına dair hesabatların “e-monitorinq” portalı vasitəsilə təqdim edilməsinə həsr olunan təlimlər davam edir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən təlimlər yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin elektron hesabatlılıq üzrə bacarıqlarının təkmilləşdirilməsinə xidmət edir.

Təlimlərin dördüncü günündə Lənkəran, Mingəçevir və Şirvan şəhər icra hakimiyyətlərinin, həmçinin Astara, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lerik, Masallı, Neftçala, Quba, Sabirabad, Saatlı, Salyan, Ucar və Yardımlı rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədov Fəaliyyət Planı çərçivəsində icra olunacaq tədbirlərin ardıcıl və sistemli şəkildə həyata keçirilməsində Yol Xəritəsinin rolundan danışıb. O, eyni zamanda, fəaliyyətlərin düzgün planlaşdırılmasının monitorinq və qiymətləndirmə prosesinin keyfiyyətinə birbaşa təsir göstərdiyini vurğulayıb.

Təlimin praktiki hissəsində İİTKM-in şöbə müdiri İsmət Mehrəliyeva “e-monitorinq” portalında yerli icra hakimiyyəti orqanları üçün yaradılmış yeni modulun funksiyalarını iştirakçılara nümayiş etdirib. Təqdimat zamanı sistemdə hesabatların yaradılması, məlumatların daxil edilməsi, yenilənməsi və təqdim olunması mərhələləri ətraflı izah edilib, iştirakçıların sualları praktiki nümunələr əsasında cavablandırılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az