31 iyul 2026, 18:34

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 iyul tarixli 1100 nömrəli Sərəncamının icrasının təmin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin monitorinqi və qiymətləndirilməsinin təşkili ilə bağlı mühüm vəzifələr həvalə olunub. Belə ki, İİTKM operatoru olduğu “e-monitorinq” Portalı çərçivəsində “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın icrasının monitorinqi və hesabatlılıq modulunu iki ay müddətində formalaşdıracaq. 2027-ci ildən etibarən Milli Fəaliyyət Planının monitorinqi və qiymətləndirilməsi həmin modul vasitəsilə həyata keçiriləcək.

Modulda Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər üzrə icraçı dövlət orqanları və qurumlar, şəhər və rayonlar, icra müddətləri, layihələr, eləcə də digər zəruri göstəricilər təsnifatlaşdırılaraq mövcud vəziyyətin izlənilməsi və hesabatlılığın təmin edilməsi üçün müvafiq bölmələr yaradılacaq.

Sərəncama əsasən, İİTKM 2027-ci ildən başlayaraq hər il aprelin 30-dək Milli Fəaliyyət Planının icrasının monitorinqinin nəticələri barədə məlumatları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təqdim edəcək. Eyni zamanda, Milli Fəaliyyət Planının yekun qiymətləndirilməsinin nəticələri 2031-ci il iyunun 30-dək Daxili İşlər Nazirliyinə təqdim olunacaq.

Bununla yanaşı, Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı dövlət orqanları və qurumlar məsul və cavabdeh şəxsləri müəyyənləşdirərək bu barədə məlumatları İİTKM-ə təqdim edəcək, nəticə indikatorlarını hazırlayacaq, həmçinin layihələrin icrasına dair məlumatları müəyyən olunmuş qrafikə uyğun olaraq “Layihə idarəetməsi” modulu və monitorinq sistemi üzərindən yerləşdirəcəklər.

Sərəncamda, həmçinin aidiyyəti dövlət qurumlarına Milli Fəaliyyət Planının ayrı-ayrı tədbirlərinin icrası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərin gücləndirilməsi, maarifləndirmə və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üzrə təkliflərin müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb.

Ətraflı: https://nk.gov.az/az/senedler/serencamlar/azerbaycan-respublikasinda-insan-alverine-qarsi-mu-9682


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az