28 iyul 2026, 11:16

Azərbaycanda innovasiya və sahibkarlıq ekosisteminin inkişafı baxımından mühüm yeniliklərdən biri “Kraudfandinq haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsidir. Qanun startaplar, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün alternativ maliyyələşmə kanallarına çıxış imkanlarının yaradılmasını, eyni zamanda investisiya prosesində iştirak edən şəxslərin hüquqlarının qorunmasını nəzərdə tutur. Bununla yanaşı, sənəd səhm və borc əsaslı kraudfandinqin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov bildirib ki, bu yeniliyi yalnız yeni maliyyə alətinin yaranması kimi deyil, Azərbaycan innovasiya ekosistemində kapitala çıxış imkanlarının genişləndirilməsi istiqamətində yeni mərhələ kimi qiymətləndirmək olar. Startapların inkişafında ideyanın formalaşdırılması, məhsulun hazırlanması və bazara çıxarılması qədər maliyyə resurslarına çıxış da mühüm əhəmiyyət daşıyır. Xüsusilə erkən mərhələdə olan innovativ bizneslər üçün ənənəvi maliyyələşmə mənbələri hər zaman əlçatan olmur. Kraudfandinq bu baxımdan startaplara çoxsaylı investorların nisbətən kiçik həcmli vəsaitlərini bir layihə ətrafında səfərbər etmək imkanı yarada bilər. Kraudfandinqin əhəmiyyəti yalnız maliyyə cəlbi ilə məhdudlaşmır. Uğurlu kampaniyaların təşkili ilə startap üçün bazar marağının yoxlanılması, potensial müştəri və tərəfdar icmasının formalaşdırılması, investorlarla ilkin əlaqələrin qurulması və layihənin gələcək investisiya mərhələlərinə hazırlanması baxımından da əhəmiyyətli ola bilər.

Bu yeni mexanizmin yaradılması “Enterprise Azerbaijan” portalının məqsəd və missiyası ilə də birbaşa uzlaşır. Portalın əsas məqsədi ölkənin investisiya cəlbediciliyini yüksəltmək və iqtisadiyyatın inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaqdır. Missiyası isə yerli investisiya layihələrinin xarici və yerli investorlara təqdim edilməsi və onların maliyyələşdirilməsi üçün əlverişli platformanın yaradılmasına xidmət edir. Bu baxımdan qarşıdakı dövrdə “Enterprise Azerbaijan” üçün perspektivlərdən biri startapların kraudfandinq mexanizmlərindən istifadəyə hazırlanması ola bilər. Burada məqsəd yalnız layihələrin maliyyələşmə platformalarına çıxarılması deyil, onların investisiya baxımından daha hazırlıqlı vəziyyətə gətirilməsidir.

Bu istiqamətdə gələcəkdə “Crowdfunding Readiness” yanaşmasının formalaşdırılması perspektivli görünür. Bu, startapların kraudfandinq vasitəsilə maliyyə cəlb etməyə hazır vəziyyətə gətirilməsi, yəni biznes modelinin, maliyyə göstəricilərinin, investisiya təklifinin və investor təqdimatının sistemli şəkildə təkmilləşdirilməsidir. Belə mexanizm çərçivəsində startapların biznes modeli, bazar potensialı, maliyyə göstəriciləri, investisiya təklifi və təqdimat imkanları təkmilləşdirilə, onların investor qarşısında daha hazırlıqlı şəkildə çıxış etməsinə dəstək göstərilə bilər.

“Enterprise Azerbaijan” tərəfindən həyata keçirilən “Startup School” kimi proqramlar kraudfandinq mexanizmi ilə təbii şəkildə əlaqələndirilə bilər. Hazırda davam edən “Startup School 4: Beş qitə – 500 Startap” proqramına 15 fərqli ölkədən cəlb edilmiş 233 startap (o cümlədən 164 layihə Azərbaycandan, qalanları digər ölkələrdən) startapların innovasiya və sahibkarlıq bacarıqlarının inkişafı, məhsulun inkişafı, investisiya cəlbi və beynəlxalq bazarlara çıxış imkanlarının artırılmasına yönəlib. Beləliklə, Azərbaycanda ideya → startup → inkişaf və hazırlıq → kraudfandinq → angel/VC investisiyası → beynəlxalq bazara çıxış kimi daha ardıcıl maliyyələşmə və inkişaf zəncirinin formalaşdırılması imkanları artır.

Kraudfandinq Azərbaycanda investisiya mədəniyyətinin inkişafına da töhfə verə bilər. Bu mexanizm innovativ layihələrə investisiya qoyuluşunda daha geniş investor kütləsinin iştirakına imkan yaradır. Nəticədə, innovativ layihələrin maliyyələşdirilməsi üçün yeni mənbələr formalaşır. Bundan əlavə, uyğun hüquqi və institusional mühit yaradıldıqda, xaricdə yaşayan azərbaycanlılar, beynəlxalq tərəfdaşlar və xarici investorlar da yerli innovativ layihələrə daha asan investisiya edə bilərlər.

İsa Qasımov qeyd edib ki, sözügedən qanunun qəbul edilməsi özü-özlüyündə kraudfandinq bazarının tam formalaşmasını hələ təmin etmir. Bunun üçün həm sərbəst bazar şəraitinin, həm keyfiyyətli və investisiyaya hazır layihə axınının, həm də etibarlı və məlumatlı (smart) investor bazasının, eləcə də mədəniyyətinin formalaşdırılması vacibdir. İnvestorların maarifləndirilməsi, startapların investisiya hazırlığının yüksəldilməsi və ekosistemin müxtəlif iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsi bu mərhələnin əsas şərtlərindən hesab oluna bilər. Xüsusilə bu prosesdə qanunun bazar tələb və ehtiyaclarına uyğun olaraq təkmilləşdirilməsinin aktual tutulması da vacib amillərdən hesab olunur.

Kraudfandinq Azərbaycanın innovasiya ekosistemi üçün təkcə yeni maliyyələşmə mexanizmi deyil. Bu, biliyin, qeyri maddi resursların intellektual fəaliyyət nəticəsində maddi resurslara çevrilməsi, başqa sözlə, ideyaların kapitala, kapitalın isə innovativ bizneslərin inkişafına çevrilməsi üçün yeni körpüdür. Qarşıdakı əsas vəzifə həmin körpüdən keçə biləcək keyfiyyətli startapların hazırlanması, investorların prosesə cəlb edilməsi və kraudfandinqin mövcud innovasiya və investisiya infrastrukturu ilə səmərəli inteqrasiyasının təmin edilməsidir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az