27 iyul 2026, 15:17

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lalə Məmmədova Çin Xalq Respublikasının Ticarət Nazirliyi tərəfindən Pekində "Qlobal Cənub ölkələri üçün medianın inkişafı və əməkdaşlığı" mövzusunda keçirilən seminarda iştirak edib.

Seminar Çin hökumətinin inkişaf etməkdə olan ölkələr üçün həyata keçirdiyi beynəlxalq təlim proqramı çərçivəsində təşkil olunub. Tədbirin məqsədi Çin ilə inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığı, təcrübə mübadiləsini və insan resurslarının inkişafını təşviq etməkdir.

Seminar çərçivəsində iştirakçılar media əməkdaşlığı və rəqəmsal kommunikasiya mövzularında müzakirələrdə iştirak edib, “CCTV+”, “China.org.cn” və “CICG” media qurumlarını ziyarət ediblər. Proqrama həmçinin Böyük Çin Səddi, Çin Kommunist Partiyası Muzeyi və Paytaxt Muzeyinə səfərlər, eləcə də Quicou əyalətində rəqəmsal innovasiya və çay istehsalı müəssisələri ilə tanışlıq daxil olub.

Bağlanış mərasimində Azərbaycan nümayəndə heyəti adından İİTKM-in əməkdaşlı Lalə Məmmədova çıxış edib. Qeyd edək ki, ölkəmizi beynəlxalq tədbirdə İİTKM-lə yanaşı, Dövlət Əmlak Komitəsi və KOBİA-nın nümayəndələri təmsil ediblər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az