21 iyul 2026, 17:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə yüksəldiyini nümayiş etdirir. Səfər çərçivəsində Prezident Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirilən görüşlər, eləcə də "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması əməkdaşlığın enerji, ticarət, sənaye, nəqliyyat-logistika, rəqəmsal transformasiya və investisiya istiqamətlərində daha sistemli inkişafı üçün yeni institusional çərçivə formalaşdırır. Bununla yanaşı, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə Birgə Bəyannamənin imzalanması özəl sektorlar arasında əlaqələrin genişləndirilməsi və biznes dialoqunun davamlı platforma üzərində qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirdiyi görüş isə iki ölkə arasında ənənəvi iqtisadi əlaqələrin yeni qlobal çağırışlara uyğun olaraq daha dərin texnoloji və institusional müstəviyə keçidini bəyan edir.

Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, qlobal təchizat zəncirlərindəki mövcud vəziyyət fonunda Orta Dəhlizin rolu Almaniya kimi sənaye nəhəngləri üçün böyük əhəmiyyət daşıyır. Biz Orta Dəhlizi yalnız fiziki nəqliyyat infrastrukturu kimi deyil, eyni zamanda biznes proseslərinin modelləşdirilməsi və qabaqcıl müəssisə resurslarının idarə edilməsi (ERP) arxitekturalarının tətbiqi ilə sinxronlaşdırılan vahid rəqəmsal ekosistem kimi xarakterizə edirik. Almaniya biznesinin bu mütərəqqi rəqəmsal dəhlizə inteqrasiyası qarşılıqlı bağlantı və logistik əməliyyatların səmərəliliyini köklü şəkildə artıra bilər.

Digər tərəfdən, bu strateji baxışlar fonunda Azərbaycan-Almaniya ticarət münasibətləri kəmiyyət və keyfiyyət baxımından xüsusi mərhələyə qədəm qoyub. Cari ilin ilk altı ayının rəsmi statistikasına əsasən, Almaniya Azərbaycanın ümumi ticarət dövriyyəsində 2,32 faiz payla əsas ticarət tərəfdaşları sırasında 7-ci, ümumi idxalda isə 4,05 faizlə 5-ci yerdə qərarlaşıb. Xüsusilə vurğulamaq lazımdır ki, Almaniya Avropa İttifaqı ölkələri arasında Azərbaycanın ən böyük idxal tərəfdaşıdır, ixracda isə ən vacib strateji istiqamətlərdən birini təşkil edir. Bununla yanaşı, Almaniya Azərbaycan neftinin ən çox ixrac olunduğu ölkələr sırasında ilk onluqda yer alır ki, bu da respublikamızın Avropanın enerji təhlükəsizliyindəki etibarlı mövqeyini nümayiş etdirir.

İdxal-ixrac strukturunun təhlili bu əlaqələrin sadəcə istehlak mübadiləsi deyil, bilavasitə ölkəmizin sürətli texnoloji inkişaf kursu ilə bağlı olduğunu sübut edir. Belə ki, ilk 5 ayda Almaniyadan idxal olunan məhsullar arasında sənayenin ehtiyacları üçün odadavamlı kərpiclər, karbon, rentgenoloji müayinələr üçün kontrast preparatlar, titan dioksid əsaslı kimyəvilər, eləcə də mürəkkəb cihazlar, qurğular və müxtəlif təyinatlı sayğaclar üstünlük təşkil edib. Eyni zamanda, bəzən kənardan səthi şəkildə sadə sürtkü materialları kimi anlaşıla bilən, lakin əslində qabaqcıl alman texnologiyasının məhsulu olaraq emalın spesifik prosesləri və mürəkkəb kimyəvi çevirmələr üçün nəzərdə tutulan yüksək dəqiqlikli xüsusi sürtkü yağlarının idxalı yerli istehsalın modernləşdirilməsinə birbaşa xidmət edir.

İxracda isə neft məhsulları və reaktiv mühərriklər üçün kerosin yanacağı ilə yanaşı, korroziyaya davamlı polad, xüsusi sürtkü yağları, habelə fındıq, meyvə şirələri, konservləşdirilmiş meyvələr, tütün, çay və təzə heyva kimi məhsulların yer alması Azərbaycanın həm ağır sənaye, həm də qida sektorunun Almaniya standartlarına cavab verəcək səviyyədə rəqabətqabiliyyətli olduğunu sübuta yetirir.

Ayxan Qədəşov qeyd edib ki, Almaniyanın aparıcı texnologiyalarının, xüsusən də müasir meyvə bağlarının yaradılmasında, intensiv ağac becərilməsi təcrübələrində və məhsuldarlığın elmi əsaslarla izlənilməsi mexanizmlərində tətbiqi aqrar-sənaye kompleksimizdə böyük sıçrayış yarada bilər.

Hazırda Almaniyadan idxal edilən bitkilər üçün xüsusi fungisitlər və yeyinti sənayesində istifadə olunan ətirli maddələr, eləcə də pendir, kərə yağı və uşaq yeməkləri kimi məhsullar həm yerli istehsal, həm də istehlak keyfiyyətini qlobal tələblərə uyğunlaşdırır.

Bununla paralel olaraq, “Azexport.az” portalı rəqəmsal satış kanallarının düzgün modelləşdirilməsi vasitəsilə qeyri-neft məhsullarımızın və xidmətlərimizin Almaniya bazarına çıxışında aktiv rol oynayır. Alman iş adamlarının və şirkətlərinin ölkəmizə marağının artması, kənd təsərrüfatı və turizm potensialının dəyərləndirilməsi istiqamətində atılan addımlar qabaqcıl texnologiyaların tətbiqi ilə birləşərək Azərbaycan iqtisadiyyatının uzunmüddətli perspektivdə dayanıqlı inkişafına öz əhəmiyyətli töhfəsini verə bilər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az