17 iyul 2026, 09:49

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının artıq yeni strateji mərhələyə keçdiyini bir daha təsdiq edir. Bu gün söhbət yalnız tarixi, mədəni və etnik bağlılıqdan deyil, həm də vahid geoiqtisadi məkanın formalaşmasından gedir.

Bunu AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru İlyas Hüseynov bildirib.

İlyas Hüseynovun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya liderlərinin Məşvərət Görüşü formatına tamhüquqlu şəkildə qoşulması regionlararası əməkdaşlıq tarixində mühüm dönüş nöqtəsidir: “Həmin təşəbbüs Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi dialoqun institusional əsaslarını gücləndirməklə yanaşı, iqtisadi inteqrasiyanın dərinləşməsi üçün də yeni imkanlar yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Mərkəzi Asiya və Azərbaycan artıq vahid iqtisadi və siyasi məkan kimi fəaliyyət göstərməyə başlayır ki, bu da Avrasiyada yeni geoiqtisadi arxitekturanın formalaşmasına xidmət edir. İqtisadi göstəricilər də həmin potensialı aydın şəkildə nümayiş etdirir. Türk Dövlətləri Təşkilatı geniş demoqrafik və iqtisadi potensiala malik, Avrasiya məkanında mühüm regional əməkdaşlıq platformalarından birinə çevrilib. İİTKM-in və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi tərəfindən birgə nəşr olunan “Türk İqtisadi İcmalı”nın 2026-cı ilin birinci rübü üçün nəşrində qeyd olunur ki, Türk dövlətlərinin ümumi ÜDM-i 2026-cı ilin birinci rübündə 673,6 milyard ABŞ dollarına çatıb. Bu da qlobal ÜDM-in 2,34 faizini təşkil edir. Onların ümumi əhalisi isə 178,8 milyon nəfərdir. İcmalda, həmçinin regionun artan iqtisadi potensialını və inteqrasiyasını əks etdirən Türk dünyasında iqtisadi artım, ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, bankçılıq və dövlət maliyyəsində davamlı irəliləyişlər vurğulanır. Məhz nəqliyyat bağlantılarının gücləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və logistika infrastrukturunun inkişafı bu göstəricinin yaxın illərdə əhəmiyyətli dərəcədə artmasına imkan verə bilər”.

TDAM-ın rəhbəri vurğulayıb ki, Azərbaycan bu prosesdə əsas geoiqtisadi körpü rolunu oynayır. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son onillikdə ölkəmiz nəqliyyat infrastrukturuna milyardlarla dollar investisiya yatıraraq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından birinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükötürmə qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması, yeni yük gəmilərinin inşası və Orta Dəhliz üzrə həyata keçirilən layihələr Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışını daha da sürətləndirəcək. Qlobal geosiyasi şərait də bu əməkdaşlığın əhəmiyyətini artırır. Qırmızı dəniz və Hörmüz boğazında müşahidə olunan risklər göstərdi ki, beynəlxalq ticarətin təhlükəsizliyi təkcə dəniz marşrutlarından asılı ola bilməz. Bu baxımdan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Avrasiyanın ən perspektivli quru-logistika xəttinə çevrilir və Azərbaycan bu marşrutun əsas əlaqələndirici ölkəsi kimi çıxış edir”, - deyə o diqqətə çatdırıb.

İlyas Hüseynov bildirib ki, Azərbaycan–Mərkəzi Asiya formatı yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan yeni əməkdaşlıq modelidir: “Bu format regional sabitliyi möhkəmləndirir, qarşılıqlı investisiyaları artırır, ticarətin şaxələndirilməsinə töhfə verir və Avrasiyada dayanıqlı iqtisadi inteqrasiyanın formalaşmasına xidmət edir. Hesab edirəm ki, yaxın perspektivdə bu əməkdaşlıq TDT-nin iqtisadi inteqrasiyasını daha da sürətləndirəcək və təşkilatı qlobal iqtisadi sistemdə daha təsirli regional platformalardan birinə çevirəcək”.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az