İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri Arzu Süleymanov Çin Xalq Respublikasında keçirilən “Bir kəmər, bir yol” ölkələri üçün ictimai nəqliyyatın tikintisi, planlaşdırılması və idarə olunması” adlı beynəlxalq seminarda iştirak edib.
Çin Xalq Respublikasının Ticarət Nazirliyinin dəstəyi və Şandun Xarici Ticarət Peşə Liseyinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində iştirakçılar Çinin müasir nəqliyyatının inkişaf tarixi, magistral yolların layihələndirilməsi, yol infrastrukturları və materialları, tikinti təhlükəsizliyi, nəqliyyat layihələrinin qiymətləndirilməsi, yaşıl nəqliyyatın planlaşdırılması və əşyaların interneti (IoT) tətbiqləri kimi mövzular üzrə mühazirələr dinləyib, həmçinin Şandun Yüksək Sürət Qrupu, Syanq-Çanq (Jiaoji) Dəmir Yolu Muzeyi və İctimai Nəqliyyat Muzeyi kimi müxtəlif dövlət qurumları, strateji müəssisələr və nəqliyyat infrastrukturlarına tədris səfərlərində iştirak ediblər.
Arzu Süleymanov seminarın yekun mərhələsində iştirakçılar tərəfindən qrup şəklində ölkə təqdimatlarının hazırlanması prosesində fəal iştirak edib. Sözügedən təqdimatda İİTKM tərəfindən uğurla həyata keçirilən dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi mexanizmlərinə, həmçinin qurum tərəfindən mütəmadi olaraq hazırlanan “Nəqliyyat icmalı” materiallarına geniş yer verilib, bu təcrübələr beynəlxalq tərəfdaşların diqqətinə çatdırılıb.
Qeyd edək ki, beynəlxalq proqramda İİTKM-lə yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri də iştirak ediblər.