İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının məqaləsi “Scopus” və “Web of Science” bazalarında indekslənən Sloveniyanın nüfuzlu elmi nəşri olan “Teorija in praksa” jurnalında dərc edilib. Lyublyana Universiteti tərəfindən nəşr olunan məqalə "Strategic transition from hydrocarbons to green hydrogen: long-term pathways for Azerbaijan’s export diversification" mövzusundadır.
Məqalədə COP29 konfransı çərçivəsində təqdim olunan “Azərbaycanın hidrogen üzrə milli strateji baxış sənədi” təhlil olunur və bildirilir ki, ölkəmiz əhəmiyyətli külək və günəş enerjisi ehtiyatlarından istifadə etməklə elektroliz yolu ilə yaşıl hidrogen istehsal etmək potensialına malikdir. Təmiz hidrogen istehsalı milli iqtisadiyyatın şaxələndirilməsi, təmiz enerji texnologiyalarına xarici investisiyaların cəlb edilməsi və innovasiyayönümlü uzunmüddətli artımın təşviqi üçün strateji imkanlar yaradır. Azərbaycanın geostrateji mövqeyi Şərq və Qərb arasında yaşıl enerji dəhlizi üçün əsas mərkəz potensialını artırır və regional enerji təhlükəsizliyində rolunu gücləndirir.
Məqalənin digər həmmüəllifləri i.e.d. Ramil Hüseyn, i.ü.f.d. Lətif Zeynallı və i.ü.f.d Arzu Süleymanovdur.
Sloveniyada yüksək nüfuza malik "Teorija in praksa" jurnalı 1964-cü ildə Lyublyana Universiteti tərəfindən təsis edilib və çapı Sloveniya Tədqiqat və İnnovasiya Agentliyi tərəfindən dəstəklənir.
Məqaləni oxumaq üçün linkə daxil ola bilərsiniz:
https://www.fdv.uni-lj.si/docs/default-source/tip/tip_02_2026_teorija-in-praksa_02_2026.pdf?sfvrsn=0