10 iyul 2026, 10:06

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Türkay Verdiyeva Çin Xalq Respublikasında keçirilən “Bir kəmər, bir yol” ölkələri üçün idarəetmə potensialının gücləndirilməsi” (Governance Capacity Building for BRI Countries) adlı beynəlxalq seminarda iştirak edib.

Proqramın əsas məqsədi "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulan ölkələrin nümayəndələrinin dövlət idarəçiliyi sahəsində bilik və bacarıqlarının artırılması, Çin təcrübəsinin öyrənilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi olub.

Çin Xalq Respublikasının Ticarət Nazirliyinin dəstəyi və Fucian əyalətinin Beynəlxalq İqtisadi Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində iştirakçılar Çinin dövlət idarəçiliyi modeli, iqtisadi inkişaf strategiyası, rəqəmsal transformasiya, sosial rifah siyasəti, ekoloji idarəetmə, mədəni irsin qorunması, media və kommunikasiyanın idarəetmədə rolu kimi mövzular üzrə mühazirələr dinləyib, həmçinin müxtəlif dövlət qurumları, müəssisələr və tarixi-mədəni məkanlara tədris səfərlərində iştirak ediblər.

Dövlət qurumlarında effektiv kommunikasiya və koordinasiya bacarıqları, rəqəmsal media platformalarının dövlət xidmətlərinin göstərilməsində rolu, bu sahədə institusional yanaşmalar və idarəetmə fəlsəfəsi ilə bağlı mövzular diqqət mərkəzində olub.

Qeyd edək ki, beynəlxalq proqramda İİTKM-lə yanaşı, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Dövlət Gömrük Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri də iştirak ediblər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az