İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının rəhbərliyi ilə qurumun məsul nümayəndələrinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının monitorinq və qiymətləndirilməsi çərçivəsində azad edilmiş ərazilərə təşkil olunan monitorinq səfəri yekunlaşıb.
Səfər çərçivəsində Ağdam, Xocalı, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər və Ağdərə rayonlarında, həmçinin Xankəndi şəhərində Dövlət Proqramı çərçivəsində icra olunan infrastruktur, sosial və iqtisadi layihələr yerində izlənilib. Səfər zamanı monitorinq prosesində İİTKM ilə yanaşı, aidiyyəti rayonlar üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, müvafiq ərazilər üzrə bərpa, tikinti və idarəetmə xidmətlərinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Neft Şirkəti (SOCAR), “Azərişıq” ASC, Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
Layihələrə yerində baxış tədbirləri çərçivəsində Ağdam şəhərində tikintisi davam etdirilən yaşayış massivi, Eyvazxanbəyli və Baş Qərvənd kəndləri, Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndləri, Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndləri, Zəngilan rayonunun Cahangirbəyli, Qubadlı rayonunun Zilanlı və Mahruzlu kəndləri, Şuşa rayonunun Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndləri, Ağdərə rayonunun Çıldıran və Heyvalı kəndləri, Kəlbəcər rayonunun Zar kəndi, eləcə də Hadrut və Kərkicahan qəsəbələrində yaşayış məntəqələrinin, o cümlədən təhsil, səhiyyə, inzibati və kommunal infrastrukturun tikintisi və təmir-bərpası işləri yaxından izlənilib. Eyni zamanda, Şuşa şəhərində tikintisi davam etdirilən yaşayış zonalarının, Müalicə-Sağlamlıq Mərkəzinin, Dövlət Yanğından Mühafizə Hissəsinin tikintisi, Xankəndi şəhərində çoxmənzilli binaların təmir-bərpası, Xankəndi Zəfər Muzeyinin əsaslı təmiri və yekunlaşmaq üzrə olan Xankəndi şəhər stadionunda aparılan yenidənqurma işləri yerində araşdırılıb. Habelə, səfər çərçivəsində Ağdam rayonunun Nəmirli kəndində Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən ərazilərin minalardan təmizlənməsi işlərinin cari vəziyyətinə dair təqdimat keçirilib.
Səfər çərçivəsində regionun iqtisadi potensialının artırılması və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının fəaliyyəti, həmçinin Laçın rayonunun Zerti kəndində yerləşən Laçın Aqro-Sənaye Parkındakı heyvandarlıq təsərrüfatları, “LATIFA” Laçın tikiş fabriki və “PIRSHAGHI” ayaqqabı fabrikinin fəaliyyəti yerində izlənilib.
Səfər çərçivəsində nümayəndə heyəti tərkibində çıxış edən İİTKM-in Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli qeyd edib ki, Dövlət Proqramı çərçivəsində icra olunan layihələr əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası kimi fundamental məqsədlərə xidmət edir. Bu çərçivədə, azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili, yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması, ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası, ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi Dövlət Proqramının prioritet istiqamətləri olaraq müəyyən edilib. Elşən Yusifli onu da əlavə edib ki, azad edilmiş ərazilərdə baş tutmuş yerində baxış tədbirləri sözügedən istiqamətlərdə işlərin intensiv şəkildə icra edildiyini təsdiq edir. Aparılan irimiqyaslı yerində baxış tədbirləri də göstərir ki, azad edilmiş ərazilərdə fəaliyyətlər olduqca sürətlə və geniş miqyasda irəliləyir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və orada dayanıqlı yaşayışının təmin olunması istiqamətində layihələr dinamik şəkildə icra olunur. Artıq bir sıra məntəqələrdə əhalinin köçürülməsinə son hazırlıq işləri həyata keçirilir, həmçinin regionda özəl investisiyaların təşviqi istiqamətində mühüm addımlar atılır.
Səfər müddətində keçirilən yekun müzakirələrdə Dövlət Proqramının icrasının daha da optimallaşdırılması məqsədilə aidiyyəti qurumlar arasında koordinasiya və kommunikasiya fəaliyyətinin gücləndirilməsi, mühüm kommunikasiya və mühəndis-infrastruktur layihələrinin tamamlanmasında yarana biləcək gecikmələrin qarşısının operativ qaydada alınması diqqətə çatdırılıb. Həmçinin, yeni salınan bir sıra məntəqələrin sel və daşqın risklərindən qorunması üçün mühafizə sistemlərinin gücləndirilməsi, yüksək dağlıq relyefə malik ərazilərdə qeyri-sabit hava şəraitinin tikinti işlərinə təsirlərinin minimuma endirilməsi məqsədilə iş qrafiklərinin mövsümi risklərə uyğunlaşdırılması istiqamətində fəaliyyətin effektivliyinin artırılması üzrə müvafiq təkliflər qeyd olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.