İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov Çinin Pekin şəhərində keçirilən “Bir kəmər, bir yol” ölkələri üçün infrastruktur əlaqəliliyinin yüksək keyfiyyətli inkişafı üzrə beynəlxalq seminarda iştirak edib.
Ümumilikdə 9 ölkədən 28 nümayəndənin qatıldığı seminar nəqliyyat-logistika infrastrukturunun inkişafı, şəhər və şəhərətrafı nəqliyyat sistemlərinin inteqrasiyası, müasir relsli nəqliyyat həlləri, rəqəmsal və ağıllı infrastrukturun tətbiqi məsələlərini əhatə edib.
Seminar çərçivəsində iştirakçılar Çinin modernləşmə təcrübəsi, infrastrukturun yüksək keyfiyyətli inkişafı, çoxsəviyyəli relsli nəqliyyat sistemləri, kompleks nəqliyyat planlaşdırılması, su təsərrüfatı infrastrukturu və informasiya infrastrukturu vasitəsilə rəqəmsal inkişafın dəstəklənməsi mövzularında mühazirə və müzakirələrdə iştirak ediblər.
Seminar müddəti ərzində Çinin Çunçin şəhərinə sahə səfəri də təşkil olunub. Səfər zamanı iştirakçılar Çunçin relsli nəqliyyat sisteminin müxtəlif infrastruktur obyektləri, o cümlədən Jiangtiao xətti, Jiulongyuan stansiyası, Dazhulin idarəetmə mərkəzi, Tongjiayuanzi deposu, Liziba stansiyası, Şapingba stansiya-şəhər inkişaf kompleksi və Çunçin CRRC-nin qatar istehsalı texnologiyaları ilə tanış olublar. Sahə səfəri zamanı şəhər və şəhərətrafı ərazilər arasında nəqliyyat inteqrasiyasının gücləndirilməsi, monorels sistemlərinin tətbiqi, relsli nəqliyyatın kommersiya və yaşayış zonaları ilə uzlaşdırılması, ağıllı nəzarət mexanizmləri və intellektual inspeksiya həlləri üzrə Çin təcrübəsi öyrənilib.
Beynəlxalq tədbirdə ölkəmizi İİTKM-lə yanaşı, Azərbaycan Respublikasının “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun nümayəndələri təmsil ediblər.